İntensiv yağışlar Pirsaat su anbarında suyun səviyyəsini kritik həddə çatdırıb - TƏHLÜKƏ
Yağışın yağmasından yaranan sel suları Hacıqabul rayonunun bəzi kəndlərində fəsadlar yaradıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Şamaxı ərazisində yağan intensiv leysan yağışlar Hacıqabul rayonunda yerləşən Pirsaat su anbarında suyun səviyyəsini kritik səviyyəyə çatdırıb. Rayonun Rəncbər kəndi istiqamətində bəzi əraziləri su basıb.
Yerli qurumlar, o cümlədən Hacıqabul rayon Fövqəladə Hallar Komissiyası, Meliorasiya və su təsərrüfatı idarəsinin texnikası sel sularının tənzimlənməsi istiqamətində fövqəladə tədbirlər həyata keçirir. Cənub qaz kəmərinin tikinti işləri aparılan ərazisinin bir qismi su altında qalıb.
Hacıqabul Fövqəladə Hallar Komissiyasının yaydığı məlumatda deyilir ki, proqnozlara görə, sel sularının bir müddət sonra daha çox intensivləşməsi və çoxalması gözlənilir. Su anbarında 30 santimetr ehtiyat səviyyə qalıb. Əgər ehtiyac yaranarsa, su anbarında digər ehtiyat şlüzlər də açıla bilər.
Hazırda sel sularının qarşısının alınması üçün və yaşayış ərazilərinin mühafizəsi istiqamətində əlavə tədbirlər görülür.