Bakı muzeylərində "açıq qapı" günü - REPORTAJ

Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. APA TV-nin xəbərinə görə, bu münasibətlə Azərbaycanda isə “İçərişəhər” və “Qala” qoruqlarında “açıq qapı” günü elan edilib. Şəhərimizin qonaqları və paytaxt sakinləri məhz bu gün ödənişsiz şəkildə bu tarixi abidələri ziyarət edə biləcəklər.

 

Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

 

“Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tabeliyində fəaliyyət göstərən bütün muzeylərdə “açıq qapı” günü elan edib. Biz də öz növbəmizdə tarixi abidələrə və muzeylərə olan marağı izləmək üçün İçərişəhərə üz tutduq. İlk olaraq Qız Qalasına baş çəkdik. Səhər saatları olduğundan, sıxlıq müşahidə etməsək də, gələnlərin sayı az deyildi.

 

Tahir Salahovun ev muzeyinin direktoru Səadət Mirzəyevanın sözlərinə görə, keçən il bu tarix qeyri-iş gününə təsadüf etdiyi üçün ziyarətçilərin sayı 700-ə yaxın olub: "Bu gün birinci gündür, çoxları işdədir. Günün ikinci yarısında qonaqları gözləyirik. Biz elə bilirik ki, günortadan sonra günün ikinci yarısında daha çox qonaq olacaq. Muzeylərə maraq çoxdur. İçərişəhərdə Şirvanşahlar sarayı, Qız Qalasını hamı tanıyır, ümumdünya abidələridir. Tahir Salahovun ev muzeyi 3 ildir açılıb. Bu muzeyi daha çox tələbələr və rəssamlar ziyarət edir. Tək turistlər deyil, şəhər sakinləri də gəlir".

 

Sonuncu baş çəkdiyimiz ünvan isə Şirvanşahlar Sarayı Kompleksi oldu. Günorta saatlarına yaxınlaşdığımız üçün ziyarətçilərin intensivliyini müşahidə etdik. Kompleksin direktor müavini Təranə Balayeva bildirdi ki, təkcə yerli sakinlər deyil, dünyanın müxtəlif ölkələrindən ziyarətçilər gəlir: "Yeniliyimiz isə bir neçə il bundan qabaq  yaşayış binasında açdığımız ekspozisiyadır. Bu gün tədbirimiz belə adlanır - Abidələrimizi sevək və qoruyaq! Müxtəlif məktəblərdən uşaqlar dəvət etmişik. Hissə-hissə gəlirlər. Asəf Zeynallı adına musiqi texnikumunun tələbələri musiqi proqramı hazırlayıblar. Gördüyünüz kimi, Şirvanşahların əsas fondunda saxlanılan "Azərbaycanın memarlıq abidələri" adlı sərgi nümayiş etdiririk". 

 

Ziyarətçilər arasında əcnəbi turistlər də vardı:

 

- Biz memarıq. Biz bu tarixi abidələri görəndə çox heyrətləndik. Bakı çox müasirdir. Şəhərin qədimi arxitekturası çox yaxşı qorunub. Müasir binalar, məsələn, Alov Qüllələri  və qədim binalar birlikdədir. Bu çox gözəldir. Qədim və yeni şəhər. Muzeylərin pulsuz edilməsi çox gözəldir. Mədəniyyət bir millət üçün çox vacibdir. Mədəniyyət həm də yaxşı iqtisadiyyata sahib olmaq üçün ən yaxşı vasitədir. Əgər mədəniyyət yoxdursa, iqtisadiyyatın heç bir mənası yoxdur.

 

- Bakıya Kiyevdən gəlmişəm. Paytaxtınızın qədim şəhər olduğunu eşitmişdim. Bu gün də çox gözəl bir xəbər aldım. Eşitdim ki, tarixi abidələr gündür və buranı pulsuz ziyarət etmək olar. Azərbaycanın və Bakının çox maraqlı tarixi var. Buna ekskursiya zamanı tam əmin oldum. Qız Qalası, Şirvanşahlar Sarayında oldum. Çox gözəldir.

 

Qeyd edək ki, muzeylər bu gün saat 10:00-dan 19:00-dək pulsuz fəaliyyət göstərəcək. 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova