Neft gözləntilərin əksinə olaraq bahalaşdı
Gözləntilərin əksinə olaraq, dünya bazarında neftin qiyməti bahalaşmağa başlayıb. APA TV-nin məlumatına görə, Doha görüşünün təsiri altında qiymətlər sürətlə aşağı düşsə də, sonda bazar özünü toplaya bilib və neft yenidən bahalaşmağa başlayıb. Son 24 saat ərzində "Brent" markalı neftin maksimum qiyməti 43,24 dollar olub ki, bu da Doha görüşü ərəfəsində son hərracda qeydə alınan qiymətdən (43,11$) bahadır. Səhər seanslarında isə qiymətlər nisbətən ucuzlaşaraq 42,76 dollar təşkil edib. Qərbi Texas nefti də "Brent" neftini təqibə davam edir. Hazırda birjalarda WTI nefti 41.08 dollardan satılır.
Treyderlər Doha görüşünün bazara təzyiqinin hələ davam etdiyini bildirir, neftin bahalaşmasının Küveytdə neft sektoru işçilərinin tətili ilə əlaqədar olduğunu ehtimal edirlər.