Bakıda 22 yaşlı gəncin müəmmalı ölümü: qətl, yoxsa suda boğulma?
Şənbə günü axşam saatlarında Qaradağ rayonu Lökbatan dairəsi yaxınlığında yerləşən göldə bədbəxt hadisə baş verib. APA TV-nin məlumatına görə, dostları ilə birgə balıq tutmaq istəyən 22 yaşlı Kənan Muradov göldə batıb.
Kənan Muradovun yaxınlarının verdiyi məlumata görə, taxta qayıqda Kənan Muradovdan başqa 3 nəfər də olub. Onlardan ikisi Kənanın dostu, digəri isə qayıqçı olub. Digər 3 nəfər geri qayıtsa da, Kənan Muradov qayıtmayıb. Ailə üzvlərinə bildirilib ki, qayıq çevrilib və 22 yaşlı gənc göldə batıb.
Qayıqçı hüquq-mühafizə orqanı əməkdaşlarına qayığın batdığı yeri göstərib. Bundan bir qədər sonra həmin şəxs yoxa çıxıb və onun qaçıb gizləndiyi güman edilir. Axtarışlardan sonra Kənan Muradovun meyiti tapılıb. Aparılan ekspertiza zamanı məlum olub ki, 22 yaşlı gənc suda batmayıb, boğularaq öldürülüb. Onun boğaz nahiyəsində kəndir izləri aşkarlanıb. Mərhumun dayısı oğlu Babək Mirzəzadə onların 4 nəfər olduğunu bildirib.
"3-ü çıxıb və deyilənə görə, Kənan batıb. Meyiti bu gün çıxartdılar. Dalğıclar da bildirdilər ki, onun ciyərinə su getməyib. Bundan başqa, boğazında izlər - kəndir izləri var”.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır. Əməliyyat-istintaq tədbirlərinə Kənan Muradovun sakini olduğu Zəngilan rayonunun hüquq-mühafizə orqanları da cəlb edilib.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Məlumata görə, aprelin 16-da Bakı şəhəri, Qaradağ rayonu ərazisindəki göldə batan 1994-cü il təvəllüdlü Muradov Kənan Cəlal oğlunun meyiti nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.