Bakıda qaldırıcı kran dəhşət saçdı: elektrik dirəkləri aşdı, işıqlar söndü - YANĞIN TƏHLÜKƏSİ

Ötən gecə Bakıda zavoddan çıxan qaldırıcı kran bir neçə elektrik dirəyini aşırıb, naqilləri qoparıb. Hadisə nəticəsində ərazidə böyük təhlükə yaranıb.

 

APA TV-nin məlumatına görə, hadisə Xətai rayonu ərazisində, Yavər Əliyev küçəsində baş verib. Boru izolyasiya zavodundan çıxan qaldırıcı kran sürücünün diqqətsizliyi üzündən 380 voltluq elektrik kabellərini qırıb, bir neçə elektrik dirəyini aşırıb. Yaxınlıqda yaşayan Vahid Hüseynov yaxınlıqdan keçən avtomobillərin məsuliyyətsiz şəkildə idarə olunduğunu bildirib.

“Televizora baxırdıq. Uşağın biri kompüterə baxır. Hərə bir şeylə məşğuldur. Necə şaqqıldadısa, dedik zəlzələ oldu. Çıxdıq gördüm ki, naqillər bu gündədir. Bu, birinci dəfə deyil. Alternativ yolları ola-ola böyük maşınları bu yola salırlar”.

 

Elektrik kabelləri yerə düşdüyündən ərazidə təhlükəli vəziyyət yaranıb. Sakinlər dərhal ərazi üzrə polis bölməsinə məlumat veriblər. Hadisə yerinə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin əməkdaşları cəlb edilib. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti hadisə ilə bağlı məlumatlandırılıb və əraziyə elektrik enerjisinin verilişi dayandırılıb.

 

Nəticədə 200-ə yaxın ailə elektriksiz qalıb. Bundan başqa, aşan dirəklər evlərin dam örtüklərinə ziyan vurub. Sakinlər ərazidə ciddi təhlükə yarandığından təşviş içindədirlər

 

Mahir Qarayev hadisə anında evdə olduğunu bildirib.

"Gördüm ki, səs gəldi. İşıqlar bir dəfə söndü-yandı, guppultu səsi gəldi. Çıxdım ki, dirək evimizin üstünə aşıb, kran isə dağıda-dağıda o yana gedib”.

 

Vaqif Feyziyev isə həmin an evdəki elektrik avadanlıqlarının sıradan çəxdığını deyib.

“Oturmuşdum evdə, televizora baxırdım. Birdə görüm ki, tappıltı, guppultu səsi gəldi. Çıxdım çölə. Gördüm kabellər yerdədi, dirəklər aşıb. Vahimə basdı. İşıqlar söndü. Birinin televizoru yandı, birinin soyuducusu xarab oldu”.

 

Kranın sürücüsü hadisə ilə bağlı danışmaq istəməsə də, sərxoş olmadığını bildirib.

 

“Azərişıq” ASC-nin Xətai rayon şöbəsindən APA TV-yə verilən məlumata görə, səhər saatlarında dirəklər qaldırılacaq, qırılmış məftillər bərpa ediləcək. Yalnız bundan sonra abonentlərə elektrik enerjisi veriləcək. Başqa sözlə, təmir-bərpa işləri bu gün axşamadək davam edəcək.

 

 

 

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv