Balakəndə gənclərdən ibarət iki oğru dəstəsi tutuldu
Balakəndə oğurluqla məşğul olan, yeniyetmə və gənclərdən ibarət iki qrup zərərsizləşdirilib. Balakən RPŞ-dən APA TV-yə verilən məlumata görə, rayonun Qazma kənd sakini Aşənnə Balagözovanın müraciəti əsasında aparılmış əməliyyat-axtarış tədbiri zamanı məlum olub ki, ona məxsus mağazadan ümumi dəyəri 282 manat olan ərzaq mallarını rayonun Talalar kənd sakinləri - 20 yaşlı Tofiq Kamil oğlu Hacıyev və 21 yaşlı Nail Cəmil oğlu Musayev oğurlayıblar. Keçirilmiş tədbir nəticəsində hər iki şəxs tutularaq istintaqa təhvil verilibdir.
Balakən şəhər sakini Zülfüqar Paşa oğlu Vəliyevin müraciəti əsasında aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində isə məlum olub ki, Balakən şəhər sakini, 16 yaşlı Abdul İlham oğlu Aslanov başqa bir nəfərlə qabaqcadan əlbir olaraq Zülfüqar Vəliyevin evinin zirzəmisindən 1200 manat dəyərində məişət əşyaları oğurlayıblar. Abdul Aslanov tutularaq istintaqa təhvil verilib.
Abdul Aslanovun ətrafında aparılan istintaq zamanı məlum olub ki, o və istintaqın hələ ki müəyyən edə bilmədiyi şəxs şəhərin Daanov küçəsi 9 ünvanında yerləşən Amin Habil oğlu Xəlilova məxsus mağazanın damını sındırmaqla mağazaya daxil olublar və oradan 780 manat dəyərində ərzaq malları oğurlayıblar.
Hər iki faktla bağlı cinayət işi başlayıb, təqsirləndirilən şəxslərin rayon ərazisində baş verən digər oğruluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.