MHP-nin fövqəladə qurultayının tarixi açıqlandı

Milliyyətçi Hərəkat Partiyasının növbədənkənar fövqəladə qurultayının tarixi bəlli olub. APA TV-nin məlumatına görə, Ankara 12-ci Sülh Hüquq Məhkəməsi tərəfindən MHP-də fövqəladə qurultayı keçirmələri üçün təyin olunan qəyyumlar Ali Sağır, Ayhan Erel və Mehmet Bilgiç qurultayın mayın 15-də keçiriləcəyini açıqlayıblar.

 

Seçkiləri keçirəcək qəyyumlar heyətinin açıqlamasında bildirilir ki, qurultaya hazırlıqla bağlı lazımi proseduraların icrasına başlanılıb. Qurultayın keçirilməsi prosesi qəyyumlar heyəti tərəfindən aparılacaq. Əgər 15 mayda keçiriləcək qurultayda lazımi çoxluq təmin olunmasa, bir həftə sonra təkrar qurultay keçiriləcək.

 

Qeyd edək ki, MHP rəhbərliyi məhkəmənin qərarından üst məhkəmə qurumuna şikayət edib. Əgər şikayət təmin olunsa, növbədənkənar qurultayın keçirilməsi qərarı ləğv olunacaq. Əgər üst məhkəmə mayın 15-dək qərar verməsə, o zaman MHP öz tarixində ilk dəfə seçkili orqanların deyil, məhkəmənin qərarı ilə qurultay keçirəcək. 

Müəllif | Apa.Tv
Apa.tv