Balakəndə yeznə qayınatasını bıçaqlayıb
Balakəndə yeznə qayınatasını bıçaqlayıb. Balakən Rayon Mərkəzi Xəstəxanasından APA TV-yə verilən məlumata görə, aprelin 18-də günorta saatlarında rayonun Qullar kənd sakini, 1963-cü il təvəllüdlü Şamil Mahmud oğlu Novruzov sol kürək, sağ bel və sol bel nahiyələrinin deşilmiş və kəsilmiş bıçaq yaraları xəsarətləri ilə xəstəxanaya daxil olub. Şamil Novruzovun üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Balakən rayon Polis Şöbəsindən APA TV-yə bildirilib ki, Qullar kənd ərazisində Şamil Novruzovla yeznəsi, Qullar kənd sakini 1984-cü il təvəllüdlü Akif Süleyman oğlu Umarov arasında ailə münaqişəsi zəminində mübahisə olub. Mübahisə zamanı Akif Umarov üzərində olan bıçaqla qayınatası Şamil Novruzova xəsarət yetirərək hadisə yerindən qaçıb. Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlayıb, Akif Umarovun tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.