Bakıda bu gün istifadəyə verilən metro stansiyalarından REPORTAJ

"Bənövşəyi xətt"in yeni inşa olunan "Memar Əcəmi" stansiyası bu gündən etibarən sərnişinlərin istifadəsinə verilib".

 

Yüksək memarlıq üslubunda tikilən "Memar Əcəmi” stansiya kompleksinin ümumi uzunluğu 168,5 metrdir. Stansiyadan üç istiqamətə çıxış təmin edilib. Ümumi sahəsi 12 min kvadratmetrə yaxın olan stansiyanın çıxışlarında 17 ədəd müasir tipli eskalator quraşdırılıb. Stansiyada inşa edilən xüsusi keçid vasitəsilə sərnişinlər əlavə gediş haqqı ödəmədən "bənövşəyi" xətdən birbaşa "yaşıl" xəttə keçid imkanı əldə edəcəklər.

 

"Avtovağzal" stansiyasına gəlincə, stansiyada tikinti işlərinə 2009-cu ildən etibarən başlanılıb. Stansiya iki vestibül, 8 çıxış və vestibüllərin üzərindəki iki piramidadan ibarətdir. "Memar Əcəmi-2" stansiyasında olduğu kimi, burada da platformaların uzunluğu 144 metr təşkil edir.

 

Eyni zamanda Bakı Metropoliteni xətlərində ilk dəfə olaraq, burada fiziki imkanları məhdud insanların rahat hərəkət etməsi üçün xüsusi lift inşa olunub. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bu gündən etibarən sərnişinlərə xidmət göstərməyə başlayan hər iki stansiyanı digərlərindən fərqləndirən cəhətlərin olduğunu deyir:

 

"Əvvəlki stansiyalarımız beş vaqonlu qatarlar üçün nəzərdə tutulmuşdusa, həm "Avtovağzal", həm də bənövşəyi xəttin "Memar Əcəmi" stansiyası yeddi vaqonlu qatarlar üçün nəzərdə tutulub. Düzdür, ilk başdan biz beş vaqonlu qatarlardan istifadə edəcəyik, gələcəkdə isə onların sayının artırılması nəzərdə tutulur".

 

Metropoliten rəsmisi yaxın gələcəkdə görülməsi nəzərdə tutulan işlər barəsində də danışıb:

 

"Cənab prezidentin 2011-ci ildə imzaladığı "Bakı metropoliteninin konseptual inkişaf sxemi" var. Həmin inkişaf sxeminə əsasən 2030-cu ilə qədər hazırda 3 olan xətlərimizin sayı beşə, 23, daha dəqiq bu gündən etibarən 25 olan stansiyalarımızın sayı 76-ya çatdırılmalıdır . Təbii ki, bu istiqamətdə də bizim işlərimiz davam edir. Hazırda "bənövşəyi xətt"in daha iki stansiyası tikilməkdədir".

 

Qeyd edək ki,  "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyaları da bənövşəyi xəttin davamı olaraq inşa edilib. 

Müəllif | Apa.Tv
Fərid Rəsulov