Avropa Parlamentində Azərbaycana qarşı planlaşdırılmış təxribat

Avropa Parlamentində təşkil olunmuş “Azərbaycanda prezident seçkiləri: Odlar yurdu üçün hansı gələcək?” adlı seminarda Azərbaycana qarşı planlaşdırılmış təxribat olub. APA TV-nin xəbərinə görə, bunu seminarda iştirak etmiş azərbaycanlı millət vəkilləri Fuad Muradov, Çingiz Əsədullayev və Asim Mollazadə keçirdikləri mətbuat konfransında bildiriblər.

 

Millət vəkili Fuad Muradov deyib ki, Belçikanın paytaxtı Brüsseldə keçirilən seminarda tədbirin mövzusuna zidd olaraq, mövzu etnik separatizm, ora dəvət olunan bəzi separatçı təşkilatların Azərbaycanda etnik ayrı-seçkiliklə bağlı mövzuları olub. Onun sözlərinə görə, tədbiri keçirməkdə məqsəd Azərbaycanı Avropaya inteqrasiya yolundan separatizm vasitəsilə döndərmək olub. Millət vəkilləri seminarın adına uyğun olmayan bu müzakirələrin keçirilməsinə etiraz edib və Azərbaycana qarşı bu iddiaların əsassız olduğunu bildirib.

 

Seminarda səslənən müzakirələrə kəskin etirazlarını bildiridiyini deyən Asim Mollazadə qeyd edib ki, Azərbaycan demokratik, dünyəvi ölkədir və bu gün dünyada tolerantlıq nümunəsi kimi tanınır.

 

Çingiz Əsədullayev isə vurğulayıb ki, iclasda səsləndirilən hesabat heç bir reallığa əsaslanmayan məlumatlar əsasında hazırlanıb. Millət vəkilləri dünya azərbaycanlılarına da çağırış ediblər ki, Avropada baş verən bu cür hadisələrə qarşı həssas olsunlar.

Müəllif | Apa.Tv