Cəbhəyanı kəndlərdə 137 ədəd partlamamış hərbi sursat aşkar edilib

Cəbhəyanı kəndlərdə partlamamış xeyli hərbi sursat aşkarlanıb. APA TV-nin məlumatına görə, Azərbaycan Respublikası  Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər, Goranboy, Füzuli və Ağdam rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar haqqında hesabat yayıb.

 

Hesabata əsasən, aprelin 19-da Agentlik tərəfindən 10 ev, 32 partlayış yeri, 3 əkin sahəsi və 33 750 kv.m ərazi yoxlanılıb.

 

Ümumilikdə, Agentlik tərəfindən 7-19 aprel tarixlərində Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Tovuz və Goranboy rayonlarında 288 ev və həyətyanı sahəyə, 5 ferma və əkin sahələrinə, 2 hərbi hissəyə, 1 kənd qəbiristanlığına, 1 kənd orta məktəbinə və 8 otlaq sahəsinə baxış keçirilib, 137 ədəd partlamamış hərbi sursat aşkar olunaraq, zərərsizləşdirilib.

 

Hal-hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qruplar minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Müəllif | Apa.Tv