Ekvadorda zəlzələ dağıntılarının altından bir nəfər 3 gün sonra sağ tapıldı
Ekvadorda aprelin 16-da baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 480 nəfərə çatıb. APA TV-nin Rusiya saytlarına istinadən verdiyi xəbərə görə, Boliviya, Kolumbiya və Venesuela da daxil olmaqla regionun bir neçə ölkəsi Ekvadora xilasedici qüvvələri və humanitar yardım göndəriblər.
Zəlzələ bölgəsində möcüzə də yaşanıb. Belə ki, 3 gün dağıntılar arasında qalan 35 yaşlı şəxs sağ olaraq xilas edilib. Bundan əvvəl 413 nəfərin öldüyü bildirilib.
Xatırladaq ki, 7,8 bal gücündə olan zəlzələnin episentri ölkənin şimal-qərb hissəsində yerləşən Pedernales şəhərində qeydə alınıb. Zəlzələ nəticəsində 1500 binaya ziyan dəyib. 18 min nəfər evsiz qalıb.