"Formula-1" yarışlarına hazırlıq iyunun 1-də tam başa çatacaq

İyunun 17-19-da paytaxtımızda keçiriləcək "Formula-1" Avropa Qran-prisi üçün  işlər plan üzrə gedir. Yarışın startına 17 gün qalmış bütün işlər başa çatacaq və obyektlər təşkilatçılara təhvil veriləcək. İşlərin 90 faizi yekunlaşıb. Hər şey 1 iyun tarixi üçün tam hazır olacaq. APA TV-nin məlumatına görə, bu barədə Bakı Şəhər Halqasının yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer deyib. O əlavə edib ki, trekdə maneələrin hazırlanması prosesi tamamlanıb. Mayın 1-dən etibarən maneələr trekin kənarına yerləşdiriləcək.

 

"Arxada ikimərtəbəli bina var. 22 pilotun hər birinin sərəncamına 2 qaraj veriləcək. Binada, həmçinin Beynəlxalq Avtomobil Federasiyasının və "Formula-1" rəhbərliyinin qarajları da fəaliyyət göstərəcək". 

 

Pilotlar avtomobillərin təkərlərini dəyişmək və digər sazlama əməliyyatlarını həyata keçirmək  üçün "Pit Stop" deyilən əraziyə daxil olacaq. Pit yolu beynəlxalq avtomobil standartlarına görə, tikilib və artıq hazır vəziyyətdədir. Həmin yolda avtomobillər saatda maksimum 340 kilometr sürət yığa biləcək.

 

"Bu üçmərtəbəli binada yarışa nəzarət mərkəzi yerləşəcək. Beynəlxalq standartlara uyğun tikilən binada təhlükəsizliklə yanaşı, kameralar vasitəsilə avtomobillərin düzgün və qaydaya uyğun hərəkətinin qiymətləndirilməsi həyata keçiriləcək. Start və finiş xətti də burada yerləşəcək. Qaliblərə mükafatlar bu məkanda təqdim olunacaq".

 

İkinci mərtəbədə "Formula-1" Paddock klubun heyəti üçün komfortlu şərait yaradılacaq. Yarışı bu ərazidən izləyən 2500 nəfərdən ibarət heyət yarış ərzində hər cür vəsaitlərlə təmin ediləcək. 

 

"Hal-hazırda dayandığımız ərazi "Paddock klub" adlanır. Yarışı buradan məhz VİP bilet alan tamaşaçılar izləyə biləcək. Bu yerə biletlərin qiyməti digər qiymətlərlə müqayisədə 4-5 dəfə bahadır".

 

Müvəqqəti tikilən bu binalar və konstruksiyalar yarışdan sonra sökülərək növbəti illər üçün saxlanılacaq.  Asfalt örtüyünün tamamlanması prosesindən də danışan Butçer bunun üçün uyğun vaxtı gözlədiklərini bildirib. "Park İnn" otelindən birinci döngəyə qədər olan hissənin asfaltlanması hələlik başa çatmayıb. Bu iş də yaxın günlərdə tamamlanacaq. Bütövlükdə isə, trek boyunca ümumi asfalt döşənməsi prosesi 95 faiz yerinə yetirilib.

Müəllif | Apa.Tv
Almaz Qasımova