Nəsibə Zeynalova məzarı başında anıldı
Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi və incəsənət xadimləri xalq artisti, Azərbaycan teatr və kino səhnəsinin əfsanəsi Nəsibə Zeynalovanın anadan olmasının 100 illik yubileyi münasibətilə Fəxri Xiyabanda onun məzarını ziyarət edərək, ruhuna hörmət və ehtiramlarını bildiriblər. APA TV-nin məlumatına görə, anım mərasimində çıxış edən Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyev görkəmli sənətkarın həyat və yaradıcılığı haqqında danışaraq, Nəsibə Zeynalovanı misilsiz fitri istedada malik bir aktrisa kimi səciyyələndirib:
"Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət Mükafatı laureatı, bütün ömrünü Azərbaycan teatrının inkişafına həsr etmiş Nəsibə xanım Zeynalovanın 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq. Ölkə başçısının sərəncamına uyğun olaraq, müvafiq tədbirlər planı hazırlanıb. İl ərzində respublikanın bütün konsert ocaqlarında, klublarda anım tədbirləri keçiriləcək, onun şərəfinə tamaşalar qoyulacaq. İlin ikinci yarısında, noyabr ayında, Bakı şəhərində Nəsibə Zeynalovanın xatirəsinə həsr olunmuş ilə yekun vurulacaq".
Akademik Milli Dram Teatrının direktoru Azərpaşa Nemət Nəsibə xanımın atası, görkəmli şəxsiyyət Cahangir Zeynalovun layiqli davamçısı olduğunu deyib. Xalq artisti İlham Namiq Kamal Nəsibə Zeynalova ilə birlikdə çəkildiyi "Qayınana" filmini məmnunluqla xatırlayaraq, onunla eyni səhnəni bölüşdüyü üçün qürur hissi keçirdiyini dilə gətirib. Görkəmli sənətkarın adını daşıyan nəvəsi Nəsibə Əsgərova nənəsinin xatirəsini əziz tutan hər kəsə ailəsi adından təşəkkür edib:
"Nəsibə xanım xalqının ürəyində o, o qədər böyük yer tutub ki, mənə elə gəlir illər keçəcək, amma onun Azərbaycan teatrının, mədəniyyətinin tarixinə qızıl hərflərlə yazılan adı unudulmayacaq".