Azərbaycanda keçmiş icra başçısına hökm oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qobustan rayonunun keçmiş icra başçısı Rafiq Alışovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA TV-nin Lent.az-a istinadən məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Rafiq Alışov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Rafiq Alışova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 320( saxta sənəd) maddələri ittiham verilib. İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib. Məhkəmənin hazırlıq iclasında o, həbs edilib.
Rafiq Şıxməmməd oğlu Alışov 1994-2001-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. Rafiq Alışov 2013-cü ildə də eyni maddə ilə Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.