Nyu-Yorkda seçkilər: Tramp və Klinton qalib gəldi

ABŞ-ın daha bir ştatında ilkin seçkilər keçirilib. APA TV-nin məlumatına görə, Nyu-York ştatında keçirilən praymerizdə respublikaçılardan Donald Tramp, demokratlardan isə Hillari Klinton qalib gəlib. İlkin seçkilərdə iştirak üçün qeydiyyatdan keçmiş respublikaçıların 61 faizi Trampın namizədliyini dəstəkləyib. Onun rəqibləri Con Keysik 25%, Ted Kruz isə 15% səs toplayıb. Nyu-Yorkda qazandığı qələbə sayəsində Donald Tramp qurultayda ona səs verəcək nümayəndələrin sayını qeyri-rəsmi məlumatlara görə 844-ə çatdırıb. Partiyadaxili reqlamentə əsasən, namizədin göstərilməsi üçün ən azı 1237 nümayəndənin dəstəyi lazımdır.

 

Seçkilər insidentsiz ötüşməyib. Səs vermək üçün qeydiyyatdan keçmiş seçicilərdən 125 min nəfərin ası ümumi siyahılardan yoxa çıxıb. Bu səbəbdən səsvermədə iştirak edə bilməyən seçicilər arasında Donald Trampın övladları da var.

 

Nəticələr elan olunduqdan sonra Donald Tramp əsas rəqibi Ted Kruzu seçki marafonundan faktiki olaraq uzaqlaşdırdığını açıqlayıb. O riyazi baxımdan namizəd olmaq üçün heç bir ciddi əngəl qalmadığını bəyan edib. Ted Kruzun qərargahından isə bu iddianı şərh etməyiblər.

 

Demokratların keçirdiyi ilkin seçkilərdə isə Hillari Klinton rəqibi Berni Sanders üzərində əhəmiyyətli qələbə qazanıb. Səslərin 58 faizini toplayan Hillari Klintonun ehtiyatında 1442 nümayəndə səsi var. Onun namizədliyinin qeydiyyata alınması üçün partiya qurultayında ən azı 2383 səs toplaması lazımdır.  

Müəllif | Apa.Tv
Apa.tv