"Azərbaycan Nadir Əfşar Dövləti" kitabının türk dilində nəşri təqdim olunub

"Nadir Şah Əfşar Azərbaycan tarixində , ümumiyyətlə Yaxın Şərq və dünya tarixində böyük sərkərdələrdən və dövlət xadimlərindən biridir. Bu il Nadir Şah Əfşar imperiyasının yaradılmasının 280 illik yubileyidir. Bununla bağlı ötən illərdə bir çox Azərbaycan tarixçiləri tərəfindən bir sıra nəşrlər işıq üçü görüb".

 

Bu fikirləri bu gün Bakı Avrasiya Universitetində Cahangir Hüseyn Əfşarın müəllifi olduğu "Azərbaycan Nadir Əfşar Dövləti" kitabının türk dilində nəşrinin təqdimat mərasimində APA TV-yə açıqlama verən Prezident Administrasiyasının məsul əməkdaşı Eldar Əmirov deyib.

 

"Onların arasında mən iki kitabın adını xüsusi qeyd etmək istəyirəm. Bunlardan biri akademik Ramiz Mehdiyevin redaktorluğu ilə  fars dilindən Azərbaycan dilinə tərcümə olunmuş "Nadir Şah Əfşarın diplomatik yazışmaları"nın nəşridir. Digəri isə Cahangir Hüseyn Əfşarın müəllifi olduğu "Azərbaycan Nadir Əfşar Dövləti" haqqında monoqrafiyasıdır. Sovet hakimiyyəti illərində Azərbaycan tarixinin bir çox şəxsiyyətləri o cümlədən, Nadir Şah Əfşarın irsi ciddi şəkildə təhrif olunub. O, azərbaycanlılara bir işğalçı və xüsusən fars hökmdarı kimi təqdim olunub. Bu da Azərbaycanla onun tarixi şəxsiyyətləri arasındakı tarixi bağı qırmağa xidmət edən təbliğat olub. Lakin dövlət müstəqilliyimiz bərpa edildikdən sonra bu istiqamətdə mühüm addımlar atılıb. Xüsusən əcnəbi şərqşünasların, Nadir şahı geniş təbliğ etmiş xarici tarixçilərin əsərləri Azərbaycan dilinə tərcümə edilib. Azərbaycan tarixçilərinin özü bu istiqamətdə ciddi fəallıq göstəriblər".

 

Tədbirdə çıxış edən kitabın müəllifi Cahangir Hüseyn Əfşar bildirib ki, ixtisasca hüquqşünas olsa da, Azərbaycan tarixinin araşdırması ilə bağlı qarşısına məqsəd qoyub. Müəllif bildirib ki, kitabı yazmaqda əsas məqsədi Azərbaycan tarixini tanıtmaq və gənclər arasında təbliğ etməkdir: "Qeyd olunan kitabın yazılması üçün çoxlu araşdırmaların aparılmasına ehtiyac var idi. Araşdırmaların aparılması məqsədilə İranda, Təbrizdə, İstanbulda, Bursada, Ankarada, Tiflisdə, Moskvada, o cümlədən, Vatikan arxivlərində araşdırmalar aparmışam. Kitabın bir nüsxəsini İstanbula göndərdik və böyük marağa səbəb oldu. Ümumiyyətlə Türkiyədə Azərbaycan tarixinə böyük maraq var. Ona görə qərara gəldim ki, kitabı türk dilində də nəşr etdirim və oxuculara təqdim edim".

 

Təqdimat mərasimində Avrasiya Universitetin müəllim və tələbələri, tanınmış yazıçılar və digər qonaqlar iştirak ediblər. İştirakçılar bildiriblər ki, bu kitab tariximizi qat-qat vərəqləyir və gənc nəsillər üçün bir istiqamət verir. Qeyd edilib ki, kitab irsimizin öyrənilməsi və tariximizin tanıdılması istiqamətində çox böyük bir vəsaitdir.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı