Bazarlarda enib-qalxan qiymətlər - REPORTAJ

Paytaxtın kənd təsərrüfatı malları bazarında qiymətlər nisbətən bahalaşıb. APA TV-nin bazarlarda keçirdiyi monitorinq nəticəsində əsasən meyvələrin bahalaşdığı müəyyən olunub.

 

Satıcılar bahalaşmanı həm bazara çıxarılan yerli meyvələrin azalması, həm də xaricdən gətirilən meyvələrin maya dəyərinin baha başa gəlməsi ilə izah edirlər. Bahalaşmağa rəğmən əhalinin alıcılıq qabiliyyətində dəyişiklik yoxdur. Necə deyərlər, alan da var, satan da.

 

Qiymətlərə gəlincə, alma sortlarının qiymətində əvvəlki aylara nisbətən xeyli fərq var. Süfrəlik alma sortlarından “Fuje”, “Napoleon”, “Palmet”in qiyməti 1,50-2.00 manat arasında dəyişir. Yalnız şirə üçün yarayan nisbətən keyfiyyətsiz almaların kiloqramı 80 qəpik - 1 manatadır.  Narınginin 1 kiloqramı 2,50 manata satılır. Digər meyvələrə nisbətdə narınginin qiyməti baha görünsə də, əslində qış mövsümündə bu sitrus meyvəsinin qiyməti dəyişməyib, elə yanvardakı qiymətə satılır. Portağal da həmçinin. Bazarda şirəlik, yəni keyfiyyəti aşağı olan portağalın bir kiloqramı 1,30-1,50 manat, süfrəlik portağalın qiyməti isə 1,80-2.00 manatdır. Kivinin kiloqramı 2,50 manatdır, bananın qiyməti keyfiyyətindən asılı olaraq 2,30-2,70 manatadır.

 

Artıq bazarlarda yerli xiyar və pomidor məhsulları da satışa çıxarılıb. Düzdür, böyük əksəriyyəti istixana məhsullarıdır, amma satıcıların da dediyi kimi xaricdən gətirilən məhsuldan dadlı və keyfiyyətlidir. Qiymətə gəldikdə, Bərdədən gətirilmiş xiyar sortlarının qiyməti 80 qəpik - 1 manatdır. Pomidor isə bahadır, Zirə kəndinin istixanalarında yetişdirilmiş pomidor məhsullarının qiyməti 2,20 manatdan başlayır. Satıcılar pomidorun qiymətinin baha olmasını məhsul qıtlığı ilə əsaslandırır. Azərbaycanda yetişdirilən məhsulun böyük hissəsi Rusiya bazarına göndərilir ki, bu da daxili bazarda yerli malın azalmasına səbəb olur. Əvəzində bazarda yaranan tələbatı Türkiyə və İrandan gətirilən pomidor məhsulları doldurur. Görünüşə görə yerli maldan daha üstün olan bu pomidorlar dad baxımından Zirə pomidoruna uduzurlar.

 

Bazarda ən ucuz məhsul göyərtidir desək yanılmarıq. Məhsul bol olduğundan və xarab olma ehtimalı olduğundan satıcılar göyərtinin 15 dəstəsini belə 1 manata təklif edirlər. Kartofun qiymətində isə ucuzlaşma var. Tovuz və Şəmkirdə becərilmiş kartof 60-70 qəpiyədir, ən bahalı Gədəbəy kartofu isə 1 manata təklif edilir. 

 

Qiyməti bahalanan məhsullardan biri də toyuq ətidir. Qışda üçü 10 manata satılan, hər birinin çəkisi 700-800 qram olan kənd toyuqlarının biri artıq 5 manata təklif olunur. Balıq məhsullarının qiyməti isə nisbətən ucuzlaşıb. Novruz bayramı ərəfəsində kiloqramı 19 manatadək qalxan sudakın bir kilosu hazırda 5 manatdır. Xanı balığının qiyməti yenidən 4 manata düşüb. Kütüm, kefal, sazan balıqları da xeyli ucuzlaşıb. Satıcılar bunu havaların istiləşməsi ilə əsaslandırır. Aprel ayı həm balıq ovunun ən aktiv olduğu aydır, eyni zamanda havaların istiləşməsi balıqların tez xarab olması ilə nəticələnir. Bu səbəbdən satıcılar balıq məhsullarının qiymətini aşağı salmağa məcbur qalırlar.

 

Ümumilikdə bazarlarda keçirdiyimiz monitorinqlər göstərir ki, əvvəlki dövrlərdən fərqli olaraq hazırda alıcı qıtlığı yoxdur. Marketoloqlar mövsümi məhsulların qiymətlərinin ilk həftələrdə baha olduğunu, sonradan isə qiymətlərin 5-10 dəfəyədək ucuzlaşdığını qeyd edirlər. Bu səbəbdən nübarlıq məhsullar almaqdansa, qiymətlərin aşağı düşməsini gözləməyi məsləhət görürür. Cibiniz bərəkətli, zənbiliniz dolu, süfrəniz bol olsun! 

Müəllif | Apa.Tv
Apa.tv