Göyçayda marketi talayan keçmiş işçi belə tutuldu - KAMERA GÖRÜNTÜSÜ
Göyçay rayon sakininin mağazadan oğurluq etmək istəyi mühafizə polisinin operativliyi nəticəsində elə istək olaraq da qalıb.
Göyçay rayonunda oğurluq edən şəxs mühafizə polisinin çevikliyi nəticəsində iş başında yaxalanıb. APA TV-nin məlumatına görə, hadisə rayonun M.Ə. Rəsulzadə küçəsində olan böyük marketlərin birində qeydə alınıb. Oğurluq edən şəxsin Göyçay rayonu, Nizami küçəsində yaşayan 31 yaşlı Rzayev Pənah Əli oğlu olduğu məlum olub.
Pənah Rzayev əvvəllər sözü gedən marketdə fəhlə işlədiyi və marketin dam örtüyünü sındıraraq içəri qanunsuz daxil olaraq soyğunçuluq etməyə başladığını etiraf edib. O, kassadan pulları və ərzaq mallarını toplayaraq qaçmaq istəyərkən polislər tərəfindən tutulub.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır. Qeyd edək ki, Göyçayda oğurluq edən şəxsin hadisə yerində tutulmasında bilavasitə Baş Mühafizə İdarəsinin mərkəzləşdirilmiş siqnalizasiya sisteminin böyük rolu olub. Oğurluq vaxtı bütün görüntülər qeydə alınıb.