“Siyasi mühacir” statusu “satan” “jurnalist”lər tutuldu
Respublikanın daxili işlər orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı şəxslərə xarici dövlətlərdə siyasi mühacir statusu almalarına köməklik göstərəcəklərini vəd edib, ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuzuna və demokratik imicinə xələl gətirmək istəyən şəxslər yaxalanıb.
Daxil olan məlumat əsasında Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhər sakinləri - “Mozalan” jurnalının məsul katibi Ramil Muradov və “Dövlət və ictimai fikir” qəzeti ilə “Obyektiv xəbər.com” veb saytının baş redaktoru Çingiz İbadov göstərəcəkləri xidmətin müqabilində konkret vətəndaşdan Xırdalan şəhərində razılaşdıqları 4000 manatlıq məbləğin 1300-nü və sənədlərinin surətlərini alarkən saxlanılıblar.
Araşdırmalarla müəyyən olunub ki, onlar həmin vətəndaşın adından sosial şəbəkələrdə və bir sıra elektron kütləvi informasiya vasitələrində Azərbaycanın dövlət mənafeyi və ümummilli maraqları əleyhinə yanlış, qərəzli məlumatlar, eyni zamanda, sonuncunun guya ölkəmizin hüquq-mühafizə orqanları tərəfindən əsassız təqib edilməsi, hüquqlarının pozulması barədə böhtan xarakterli materiallar yerləşdiriblər.
Saxlanılan Çingiz İbadov hadisənin təfərrüatlarını belə açıqlayır: "Fevral ayında bir tanış adam məndən xahiş elədi ki, xaricə getməyə viza düzəldən tanış adam lazımdır. Mən də dedim ki, maraqlanıb deyərəm. Maraqlandım, dedilər ki, Ramin Muradov adlı adam var, o da mətbuatda çalışır, onun imkanı var viza düzəltməyə. Guya, “Mozalan” jurnalında məqalə verir və “Mozalan”ın xüsusi müxbiri kimi yazıb xaricə göndərir. Ramin Muradov ondan 1300 manat pul alıb, qaytarmayıb”.
Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.