Azərbaycan və İran nümayəndələri Astarada görüşdülər

Aprelin 20-də Azərbaycanın Astara şəhərində Azərbaycan və İran nümayəndə heyətlərinin geniştərkibli görüşü keçirilib.

 

APA TV-nin məlumatına görə, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri - iqtisadiyyat naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin iştirakı ilə keçirilmiş görüşdə Azərbaycan və İran tərəfindən aidiyyəti qurumların yüksək səviyyəli nümayəndələri iştirak ediblər.

 

Görüşdə Azərbaycan və İran arasındakı iqtisadi əlaqələrə və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə, eləcə də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin səmərəliliyinin artırılması istiqamətində görüləcək işlərə dair müzakirələr aparılıb.

 

Ş. Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin və keçirdikləri görüşlərin Azərbaycan-İran əlaqələrinin inkişafında xüsusi əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 23-də İrana səfəri, səfər çərçivəsində keçirilən görüşlər və imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafına böyük stimul verib. Təməli qoyulan Astaraçay üzərində dəmir yolu körpüsü də məhz həmin səfərin uğurlu nəticələrindəndir.

 

Qeyd edilib ki, Azərbaycan və İran arasında möhkəm müqavilə-hüquq bazası yaradılıb, iqtisadi sahədə 40-dan çox olmaqla indiyədək 120 sənəd imzalanıb. İran Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və təkcə 2016-cı ilin yanvar-mart aylarında ticarət dövriyyəsinin həcmi 53% artıb. Hazırda Azərbaycanda 439 İran şirkəti fəaliyyət göstərir. Azərbaycan və İran arasında Dövlətlərarası Komissiya, müxtəlif sahələr üzrə işçi qrupları fəaliyyət göstərir, birgə biznes forum, işgüzar görüş və sərgilər təşkil olunur.

 

Nazir qeyd edib ki, bu gün Sumqayıt Kimya Sənaye Parkı, Azərbaycan İnvestisiya Şirkəti, "Azərsun Holdinq", İranın "Iran Khodro" və "Darou Pakhsh" şirkətləri arasında avtomobil və dərman istehsalı sahəsində müştərək layihələrin icrası ilə bağlı 4 memorandum imzalanacaq.

 

İranın rabitə və informasiya texnologiyaları naziri M.Vaezi ölkələrimiz arasında əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilən görüşlərin Azərbaycan-İran əlaqələrinin inkişafına təkan verdiyini xüsusi qeyd edib. 

Müəllif | Apa.Tv
Apa.tv