Marketdə telefonu yerə düşdü, özünü öldürmək istədi - BAKIDA İNTİHARA CƏHD

Bakıda nadir rast gəlinən intihara cəhd hadisəsi qeydə alınıb. Daha doğrusu, intihara cəhdin motivi xeyli qəribədir.

 

APA TV-nin hadisə Bakının Xətai rayonu ərazisində qeydə alınıb. Babək prospekti ilə Yusif Səfərov küçəsinin birləşdirən tunelin üstünə çıxan sərxoş kişi özünü atacağı ilə hədələyib.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. İntihara cəhd edən şəxslə psixoloji söhbət aparan xilasedicilər onu fikrindən daşındırmağa çalışıblar.

 

Məlum olub ki, intihara cəhd edən şəxs 41 yaşlı Quliyev Elçin Arif oğludur. O, bildirib ki, ölkənin tanınmış supermarketlər şəbəkələrindən birinin mühafizəçiləri ilə mübahisə edib. Mühafizəçilər Elçin Quliyevi itələyiblər, əlindəki mobil telefon yerə düşüb və ekranı sınıb. Bundan sonra tunelin üstünə çıxan 41 yaşlı sərxoş kişi Daxili İşlər Nazirliyinin (DİN) 102 xidmətinə zəng edərək, özünü tunelə atacağını deyib və yeni telefon tələb edib.

 

Elçin Quliyevlə təxminən yarım saat söhbət aparan xilasedicilər yaranmış imkandan istifadə edərək, onu tutublar.

 

Elçin Quliyev Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə aparılıb. Bölməyə təcili tibbi yardım briqadası da çağırılıb və intihara cəhd edən şəxsə tibbi yardım göstərilib.

 

Faktla bağlı araşdırma aparılır. Elçin Quliyev barəsində törətdiyi inzibati xətaya görə müvafiq tənbeh tədbiri görüləcək. 

Müəllif | Apa.Tv
Apa.tv