Bakıda Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi açılıb

Bakının Nizami rayonunda Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin açılışı olub. APA TV-nin xəbərinə görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva mərasimdə iştirak ediblərlər.

 

Azərbaycanın birinci xanımının diqqətinə çatdırılıb ki, mərkəz üçün ayrılan ərazinin ümumi sahəsi bir hektardır. Əsas və köməkçi binalarla birlikdə tikintinin ümumi sahəsi 7300 kvadratmetr təşkil edir. Bina 3 mərtəbə və zirzəmi hissəsindən ibarətdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan binanın xarici görünüşü göbələk formasındadır. Tikinti işləri blok şəklində dəmir-beton konstruksiya əsasında aparılıb. Fasad isə göbələyin təbii formasına oxşar şəkildə şüşə pəncərələrlə bəzədilib. Fasadda örtük materialı olaraq qəliblərdə hazırlanan müasir  poliestr materialından istifadə edilib.

 

Heydər Əliyev Fondunun prezidenti Mərkəzin açılışını bildirən lenti kəsib.

 

Qeyd edilib ki, binanın interyerinin rəngarəngliyi onun dinamik aurasını daha da zənginləşdirir. Mehriban Əliyevaya məlumat verilib ki, yeməkxanada daun sindromlu xəstələrin rahat qidalanması üçün hər cür şərait var. Mərkəzdə psixologiya, məktəbəqədər hazırlıq, valideyn otaqları, biologiya və zoologiya kabinetləri yerləşir. Burada həmçinin, heykəltəraşlıq, əmək, xalçaçılıq, tikiş, rəsm dərnəkləri də fəaliyyət göstərəcək. Kompyuter, loqoped, riyaziyyat, astronomiya otaqları və digər yardımçı otaqlar da ən müasir avadanlıqla təchiz olunub.

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Mərkəzin idman zalı və üzgüçülük hovuzuna da baxıblar. Məlumat verilib ki, hovuz iki hissədən - üzgüçülük və müalicə hissələrindən ibarətdir. Ən müasir texniki avadanlıqla təchiz olunan kino və teatr zalları da daun sindromlu xəstələrin istifadəsinə verilib.

 

Mərkəzlə tanışlıqdan sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Daun Sindromlu Şəxslərin Assosiasiyasının nəzdində fəaliyyət göstərən teatrın hazırladığı tamaşaya baxıblar.

 

Mərkəzin ərazisində uşaq əyləncə meydançası, köşklər və açıq idman meydançası yaradılıb. Heydər Əliyev Fondu tərəfindən Mərkəzə avtobus hədiyyə olunub.

Sonda xatirə şəkli çəkdirilib.

 

Müəllif | Apa.Tv