Bakı 80 yaşlı kişinin öz arvadını öldürmə səbəbləri məlum olub - HADİSƏ YERİNDƏN

Nəsimi rayonunda baş verən qətlin təfərrüatı məlum olub. Hadisə ötən gecə  saat 22.30 radələrində 80 yaşlı  Abbasəli Hüseynova məxsus evdə  qeydə alınıb.  Nəsimi rayon Prokurorluğundan  APA  TV -yə  verilən məlumata görə, Abbasəli Hüseynov həyat yoldaşı, 80 yaşlı Nisə Kərimovanı bıçaqlayaraq öldürüb. Hadisə barədə ailə üzvləri ətraflı məlumat vermək istəməsələr də, Hüseynovun əsəb gərginliyindən əziyyət çəkdiyini deyiblər.  

 

Qonşuların sözlərinə görə, Abbasəli Hüseynov  hadisə baş verən evdə həyat yoldaşı, oğlu, gəlini və nəvəsi ilə birgə yaşayıb. Onun əsəbi olmasına səbəb kimi bir neçə il əvvəl 3 oğlundan ikisini itirməsi göstərilir. Nəsimi rayon Polis İdarəsindən verilən məlumatda isə bildirilir ki , Abbasəli Hüseynov axşam həyat yoldaşına əsəbiləşdiyindən qadının boğaz nahiyəsinə bir bıçaq zərbəsi endirib. Təcili tibbi yardım maşını gələnə kimi Nisə Kərimova ölüb.       

 

Hadisəni törədən A. Hüseynov saxlanılıb, araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv