XXI əsrdə odunla qızınan Dəvədabanı sakinləri - REPORTAJ
Qubanın Dəvədabanı yaşayış massivi rayon mərkəzindən 1 km məsafədə yerləşir. APA TV-nin şimal bürosunun xəbərinə görə, 1994-cü ildə salınmasına baxmayaraq, buranın sakinləri təbii qazdan istifadə edə bilmirlər.
Təbii qaz olmadığından, 1000-dən çox evin olduğu massivin sakinləri təkcə maye qaza ildə 100 manatdan çox pul xərcləməli olurlar.
Yerli sakinlərdən Asiyə Musayeva evi odunla qızdırdığını deyir: "Odun gətirirəm. Maşınla olanda 200 manat pul alır. Elə-belə olanda at almışam iki ildir. Dedim daha çarə yoxdur, nə qədər belimdə daşıyım? İndi at ilə gətirirəm, onunla yaşayırıq".
Zülfiyyə Həsənova qaz probleminin hələ də həll tapmadığından şikayətçidir: "Biz hardasa 4-5 ildir burda yaşayırıq. Bizdən qabaq da burda evlər olub. 2-3 ildir burda yaşayış çoxalıb, evlər tikilib. Problemimiz qaz problemidir. İcra hakimiyyətinə müraciət eləmişdik. Bizə dedilər nazirliyə məktub yazın, biz də yazdıq. Cavabda bildiriblər ki, bu ilin yarımilliyində nəzərdə tutulub ki qaz çəkiləcək".
Xaçmaz Regional Qaz İstismar Sahəsinin baş mühəndisi Əlibala Əliyev deyir ki, vətəndaşlar fərdi qaydada podratçı şirkətlərə müraciət etməlidirlər. Qaz xətti vətəndaşların vəsaitləri hesabına çəkilməlidir. QİS rəsmisinin sözlərinə görə, Dəvədabanı yaşayış massivindən onların proqramında qazlaşdırılması nəzərdə tutulmayıb.
Hazırda Quba rayonunun 56 yaşayış məntəqəsi təbii qazla təmin edilir. Rayonda “mavi yanacaq” istifadəçilərinin sayı 25 mindən çoxdur.