Azərbaycanla İran arasında bir neçə sənəd imzalandı

Bakı Biznes Mərkəzində Azərbaycan-İran müştərək biznes forumu keçirilib. APA TV-nin məlumatına görə, forumda iqtisadiyyat naziri Şahin Mustafayev, İran İslam Respublikasının Rabitə və İnformasiya texnologiyaları naziri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti, hər iki ölkənin iş adamları iştirak edib.

 

Nazir Şahin Mustafayev İranla qarşılıqlı əlaqələrin inkişaf səviyyəsindən məmnunluğunu ifadə edib. O, işgüzar münasibətlərin mövcud səviyyəyə çatdırılmasında həm dövlət başçısı İlham Əliyevin, həm də İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin birgə iradə nümayiş etdirdiklərini xüsusi vurğulayıb.

 

İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi İran prezidenti Həsən Ruhaninin yaxın vaxtlarda Azərbaycana gözlənilən səfərinə toxunaraq, bu səfərin hər iki dövlət arasındakı əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.

 

Görüşdə qarşılıqlı əməkdaşlığın prioritet sahələrinə toxunularaq, İranın Azərbaycanda özəlliklə bank sektorunun birgə inkişaf etdirilməsində maraqlı olduğu vurğulanıb. İranlı nazir prezident İlham Əliyevlə görüşü zamanı viza rejiminin qarşılıqlı şəkildə sadələşdirilməsinin müzakirə edildiyini də diqqətə çatdırıb.

 

Daha sonra tərəflər arasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan bir sıra sənədlərin imzalanma mərasimi olub.

 

Bu sənədlər yaxın gələcəkdə ölkəmizdə əczaçılıq məhsullarının, eləcə də Neftçala Sənaye Məhəlləsində avtomobil və onların ehtiyat hissələrinin  istehsalı sahələrinin yaradılmasını nəzərdə tutur. 

Müəllif | Apa.Tv
Fərid Rəsulov