Azərbaycana 100 ədəd yeni təcili tibbi yardım maşını gətirilib
Ölkəyə alman istehsalı olan 100 ədəd təcili tibbi yardım avtomobili gətirilib. Bu avtomobillər müasir avadanlıqlarla yanaşı, lazımi dərman preparatları ilə təchiz olunub.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevin sözlərinə görə, bu avtomobillərin üstünlükləri onların salonunda quraşdırılmış avadanlıqlardır: "Gün ərzində hər bir həkim briqadası 200-ə yaxın dərman vasitələri, sarğı materialları və digər köməkçi vasitələrlə təchiz edilir. Bu il daha müasir dərman preparatları ilə təchiz olunmuşuq. Biz bu nəqliyyat vasitəsini təkər üzərində klinikaya bənzədə bilərik. Çünki onun salonunda ağır xəstəyə yardım göstərilməsi üçün hər bir ləvazimat var".
Bu müasir sanitar avtomobilləri həm də onunla fərqlənir ki, fövqəladə hadisələr zamanı eyni anda 4 xəstəni daşımaq mümkün olacaq.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib ki, Bakıda keçiriləcək beynəlxalq səviyyəli tədbirlərdə təcili və təxirəsalınmaz tibbi yardım xidmətini yüksək səviyyədə təşkili məqsədi ilə zəruri işlər görülür. O bildirib ki, bu il Bakıda keçiriləcək yeniyetmələr arasında beynəlxalq futbol çempionatı və "Formula-1" yarışlarında idmançılara, xarici ölkələrdən gələn azarkeşlərə və tamaşaçılara ilkin tibbi yardım etmək üçün Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının tibbi heyətinə hazırlıq məşğələlərinin keçirilməsi nəzərdə tutulub. Rauf Nağıyev qeyd edib ki, yarışlarda hər kəsə təcili yardım göstərmək üçün kifayət qədər həkim briqadası var. O bildirib ki, "Bakı-2015" Avropa Oyunlarında stansiya bölmələrinin 200-ə yaxın seçilmiş həkimi təlim kurslarına cəlb olunub.
Rauf Nağıyev əlavə edib ki, “103” xidmətinə gündəlik 2000-3000 arası çağırış daxil olur və bunlardan 200-ə yaxını ağır xəstə ilə bağlı olduğuna görə onlar hospitallaşdırılır. Onun sözlərinə görə, müraciətlərin bəziləri təcili yardıma aid olmayan çağırışlardır. Ancaq buna baxmayaraq, bütün çağırışlar çeşidlənərək bölmələrin həkimlərinə ötürülür və icra edilir.