Səudiyyə Ərəbistanında Obamaya hörmətsizlik - kral Obamanı qarşılamağa gəlmədi

ABŞ prezidenti Barak Obama ABŞ - Fars körfəzi ölkələri sammitində iştirak etmək üçün Səudiyyə Ərəbistanına səfər edib.

 

APA TV-nin "Vesti.ru"ya istinadən xəbərinə görə, Obamanı qarşılamağa yüksək vəzifəli dövlət rəsmiləri deyil, yerli məmurlardan biri gəlib. Burada diqqət çəkən məqamlardan biri sammitə qatılmaq üçün paytaxt Ər-Riyada gələn digər qonaqları Kral Salmanın şəxsən hava limanında qarşılamasıdır. Bu dəfə isə Səudiyyə kralı Ağ Ev rəhbərini kral sarayının önündə gözləyib.

 

Daha sonra tərəflər bağlı qapılar arxasında müzakirələrə başlayıblar. Ağ Ev rəhbəri krala Birləşmiş Ştatlar və Fars körfəzi ölkələri arasında bu gün Ər-Riyadda öz işinə başlayacaq sammitin təşkilinə görə təşəkkür edib.

 

Bu arada Pentaqon rəhbəri Eşton Karter regional raket əleyhinə müdafiə sisteminin yaradılması üzərində işlərin getdiyini bildirib. O, deyib ki, sözü gedən plan birgə ümumqoşun, hərbi dəniz, taktiki hava və xüsusi hərbi əməliyyat təlimlərinin keçirilməsini nəzərdə tutur.

 

Son zamanlar iki ölkə arasındakı əlaqələrdə bəzi narazılıqlar hökm sürür ki, onların da başlıca səbəbi Səudiyyə hökumətinin 11 sentyabr terror aktlarının təşkilində ittiham edilərək, məhkəməyə cəlb olunmasını nəzərdə tutan qanun layihəsinin Konqresə təqdim olunmasıdır.

 

İstintaq materiallarına əsasən, 2001-ci ilin 11 sentyabr tarixində ABŞ-da terror aktlarını törədən 18 kamikadzenin on beşi krallığın vətəndaşı olub. Rəsmi Ər-Riyad isə analoji qanunun qəbul ediləcəyi təqdirdə ABŞ-ın 750 milyard dollarlıq dövlət istiqrazlarını satışa çıxaracağını bildirib.

 

Hər iki ölkə arasındakı əlaqələrə maneə yaradan daha bir amil Birləşmiş Ştatların Yaxın Şərq neftindən asılılığı azaltmaq üçün özünün enerji ehtiyatlarını inkişaf etdirmək istəyidir.

 

Analitiklərin qənaətinə görə isə mövcud münasibətləri daha da kəskinləşdirmək qətiyyən faydakı deyil. Onlar bu fikirdədir ki, Vaşinqton Ər-Riyadı regiondakı azsaylı tərəfdaşlarından biri hesab edir.

 

ABŞ-ın mövcud potensialı isə onun Yaxın Şərqdə xüsusi rola malik olmasına imkan yaradır. ABŞ prezidentinə gəlincə, tezlikdə administrasiyada ciddi dəyişikliklərin baş verməsi labüd olduğundan, hakimiyyətinin son günlərini yaşayan Barak Obama özündən sonra müsbət təəssüratların qalmasında maraqlıdır.

Müəllif | Apa.Tv
Apa.tv