Bakıda restoranda silahlı insident: bir nəfər güllələndi
Bakıda güllələnmə hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Səbail rayonu Badamdar qəsəbəsində qeydə alınıb.
2-ci yaşayış massivi, 7-ci döngədə yerləşən "Bulaq" restoranında iki naməlum şəxs arasında yaranan mübahisə sonradan kafenin qarşısında davam edib. Hadisə zamanı mübahisə edən şəxslərdən biri digərinə odlu silahdan atəş açıb. Güllə yarası alan müştəri tanışları tərəfindən ərazidən aparılıb. Yaralının xəstəxanaya müraciət etmədiyi bildirilir. Hadisə yerinə Səbail Rayon Prokurorluğu, Polis İdarəsi və 41-ci polis bölməsinin əməkdaşları gəliblər. Atəş "Makarov" tipli tapançadan açılıb və kafe ərazisindən 5 giliz aşkar edilib.
Hazırda polis əməkdaşları yaralının və hadisəni törədənin kimliyini müəyyənləşdirir. Faktla əlaqədar Cinayət işi başlanılıb, araşdırmalar aparılır.