Təmirə ehtiyacı olan 113 yaşlı məktəb binası - PROBLEM

Şabran rayonu, Uzunboyad kənd tam orta məktəbinin qəzalı vəziyyətdədir. APA TV-nin yerli bürosunun məlumatına görə, bu hal təlim tədris prosesinə mənfi təsir göstərir. Yağmurlu havalarda sinif otaqları damır və məktəbdə dərs keçmək mümkün olmur. Orta məktəbdə təhsil olan 223 şagird eyni problemlə üzləşir. 

 

"Bizim məktəbimiz təmirsizdir. Havalar soyuduqdan sonra vəziyyətimiz daha da pis olur.  Dərsləri yaxşı mənimsəyə bilmirik. Qışda dərsə gələnlərin sayı azalır".

 

Məktəbin binası 1913-cü ildə tikilib. Bakı su kəməri fəhlələri üçün nəzərdə tutulan yataqxana olub. 1957-ci ildən 1987-ci ilə qədər  ümumi orta məktəb kimi fəaliyyət göstərib. 1987-ci ildən isə tam orta məktəb status alıb. Uzun illərdir təmir olunmayan binanın tavan və döşəməsi demək sıradan çıxıb. Məktəbin coğrafiya müəllimi Nadir Vəliyev deyir ki, təhsil müəssisində təmir işləri sonuncu dəfə 2003-cü ildə aparılıb: "Məktəb uyğunlaşdırılmış binada yerləşir və müasir tələblərə cavab vermir. Aidiyyatı orqanlardan xahişimiz odur ki, gələcəkdə Uzunboyadda yeni məktəb binası tikilsin. Yeni tikilmiş məktəblərdə tədris üçün lazımı avadanlıqlar var. Bu cür şəraitdə isə müasir tələbləri həyata keçirmək bir az çətindir".

 

Şabran rayon Təhsil Şöbəsinin metodisti Ağaşirin Bağırzadənin sözlərinə görə, ümumilikdə rayonda 2 qəzalı və 7 əsaslı təmirə ehtiyacı olan məktəb var: "Onlardan bu il Uzunboyad, Zeyvə kənd məktəblərinin və Şabran şəhər 3 saylı tam orta məktəbin yenidən qurulması, Ağbaş və Rəhimli kənd məktəblərinin isə əsaslı təmiri nəzərdə tutulub".

 

Son 10 il ərzində Şabran rayonunda  14 yeni məktəb binası tikilərək istifadəyə verilib. Bunların da 3-ü  Heydər Əliyev Fondu tərəfindən inşa olunub.

 

Müəllif | Apa.Tv
Apa.tv