Lavrov İrəvanda: "Türkiyənin Qarabağda baş verənlərə yanaşması müharibəyə çağırış idi"

"Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1994-cü ildə tərəflər arasında əldə olunmuş atəşkəs razılaşmasına əməl olunmasını vacib hesab edir". APA TV-nin erməni mənbələrinə istinadən verdiyi xəbərə görə, bu açıqlama ilə İrəvanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşdə Rusiya XİN rəhbəri Sergey Lavrov çıxış edib.

O əlavə edib ki, Rusiya ATƏT-in Minsk Qrupunda təmsil olunan həmsədr ölkə kimi bunun üçün əlindən gələni edəcək.

"Biz bu istiqamətdə qarşılıqlı etimad məsələsinə xüsusi diqqət yetirməliyik. Bundan əlavə Rusiyanın vasitəçiliyi ilə 2011-ci ildə qəbul olunmuş etimad mühitinin formalaşdırılması, insidentlərin araşdırılması yönündə də səylərimizi davam etdirməliyik", - deyə o bildirib.

Aprelin əvvəlində baş verən qarşıdurmalarda Türkiyənin nümayiş etdirdiyi mövqeyi ilə bağlı sualı cavablandıran rusiyalı diplomat qeyd edib ki, Türkiyə rəhbərliyinin bəyanatları sülhə yox, müharibəyə çağırış idi.


"Biz Ankaranın belə hoqqabazlıqlarına artıq alışmışıq", - deyə Lavrov qeyd edib.

 

Kazan razılaşması ilə bağlı sualı cavablandıran Lavrov bildirib ki, Azərbaycan bu razılaşmanın şərtlərindən heç vaxt imtina etməyib. Lavrov bununla razılaşmanın pozulmasına görə dolayı yolla İrəvanı ittiham edib. 

Müəllif | Apa.Tv
Apa.tv