Hövsanda 76 yaşlı qadın baş mühasibi kim qətlə yetirib? - TƏFƏRRÜAT

Bakıda dəhşətli qətl törədilib. Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1940-cı il təvəllüdlü  Melli Həmzə qızı Sultanovanın meyiti yaşadığı evdə tapılıb. Qadının baş nahiyəsində küt alətlə yetirilən kiçik yara aşkar olunub. Oğlu təhsili ilə əlaqədar  Ukraynada olduğundan hadisə yerinə ilk olaraq qohumları gəlib çıxıblar.

 

Hadisənin hansı məqsədlə və kimin tərəfindən törədilməsi hələlik məlum deyil.  İstintaqdan verilən məlumata görə, mərhum Melli Sultanova mənzildə gəlini və nəvəsi ilə birgə yaşayıb.  Oğlu ikinci dəfə ailə həyatı qurduğundan gəlinlə qaynana arasında olan münasibətlərin sərin olub. Şəxsiyyəti hələlik açıqlanmayan gəlin  və ailəyə yaxın şəxslər qətllə əlaqədar Suraxanı rayon 30-cu polis bölməsinə dəvət ediliblər. Gəlin yazdığı ifadədə evdən aprelin 7-dən çıxdığını, bu müddətdə evə qayıtmadığını bildirib. Buna səbəb kimi isə ailədaxili münasibətlərin gərginliyin olmasını göstərib. Qeyd edək ki, hadisə baş verən otağın qapısı və mənzilin giriş qapısı açarla bağlanıbmış. Mərhumun çantasında olan açar hələlik tapılmayıb. Melli Sultanovanın uzun illər müxtəlif idarə və təşkilatlarda baş mühasib  işlədiyi qeyd olunur.  

 

Faktı Suraxanı rayon prokurorluğu araşdırır.   

Müəllif | Apa.Tv
Apa.tv