Politoloq: "Yayda cəbhədə ermənilərin təxribata əl atmaq ehtimalı var"
"Rusiya faktiki fəallaşıb və ATƏT-in Minsk Qrupunun digər iki həmsədrləri olan Fransa və Amerika Rusiyanın kölgəsində qalıblar. Bəs indi Rusiyanın bu fəallığından biz nə gözləyə bilərik? Bizim əsas istəyimiz odur ki, Rusiya Ermənistana təsir etsin, Ermənistan ilkin şərt irəli sürmədən heç olmazsa, beş rayonu boşaltsın. Biz bunu istəyirik, ancaq çox təəssüf ki, hələ bunun da əlamətləri görünmür". Bu açıqlamanı APA TV-yə politoloq, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu verib.
O, Ermənistanda Rusiya əleyhinə mitinqlər keçirilməsinə və Sergey Lavrovun İrəvana son səfərinə də münasibət bildirib:
"Dörd günlük müharibə yenə də onu göstərdi ki, əgər danışıqlarda real nəticə olmasa, mən proqnozlaşdırıram ki, cəbhə bölgəsində vəziyyət yay aylarında yenidən gərginlə bilər. Bunu hamı anlamalıdır. Ona görə biz Rusiyadan fəallıq gözləyirik. Azərbaycan hakimiyyəti, əhalisi, cəmiyyəti psixoloji cəhətdən, kobud dildə desək, itkilərə hazırdır. Çünki, biz öz torpaqlarımızın azad olunması uğrunda savaşırıq. Ermənistan cəmiyyəti isə buna hazır deyil. Ona görə də bu gün Ermənistan cəmiyyətində mitinqlər, küçə yürüşləri baş qaldırıb, müxalifət-iqtidar münasibətləri gərginləşib, anti-Rusiya meylləri var. Azərbaycanda isə sakitlikdir. Çünki, biz bilirik nəyin uğrunda savaşırıq və biz bu savaşa yenə də başlamağa hazırıq. Yetər ki, torpaqları geri qaytaraq. Bu, Ermənistan cəmiyyətinə bir ciddi mesajdır ki, onlar işğalı davam etdirdikcə, onları rahat həyat gözləməyəcək".
Politoloq eyni zamanda Rusiyanın münaqişə tərəflərinə təsir imkanlarını da dəyərləndirib:
"Rusiyanın Ermənistana böyük təsir imkanları var, onlar hərbi-strateji müttəfiqdir. Orada Rusiyanın hərbi bazaları var, sərhədlərini qoruyur. Bundan başqa, fabrik və zavodlar Rusiyanın əlindədir. Rusiya silah alınması üçün Ermənistana 200 milyon dollar kredit verib. Yəni, Rusiya istəsə, Ermənistan hakimiyyəti çox da Rusiyanın əleyhinə çıxa bilməyəcək. Yetər ki, Rusiya bu münaqişənin ədalətli həllini tapmaq istəsin. Rusiya xarici işlər nazirinin son açıqlaması ilə mən razılaşmıram. Orada qeyd olunur ki, guya 1994-cü ildə Bişkekdə imzalanan atəşkəs əbədidir və buna riayət olunmalıdır. Amma, orada bir maddə də var ki, bu müddətdə sülh sazişi imzalanmalı idi. Bişkekdən keçən 22 illik müddətdə sülh sazişi imzalanmayıb. Niyə? Çünki, Ermənistan Qarabağ ətrafındakı rayonları boşaltmaq istəmir. Yəni, bu istiqamətdə Rusiya addımlar atmalıdır".
Elxan Şahinoğlu yay aylarında qoşunların təmas xəttində vəziyyətin yenidən gərginləşə biləcəyi ehtimalının olduğunu deyib və ermənilərin növbəti dəfə təxribata əl atacağını istisna etməyib.