Antonius Bruk: "Bu, Azərbaycanın vacib dövlət kimi tanınmasına gətirib çıxardı"
Oktyabrın 1-dən BMT Təhlükəsizlik Şurasına sədrlik edən Azərbaycan müzakirələri aparmaqla problemlərin həllində böyük rol oynayacaq. Bu barədə BMT-nin Azərbaycandakı rezident-koordinatoru Antonius Bruk APA TV-yə müsahibəsində deyib. O, Azərbaycanın postsovet və ya MDB ölkələrindən BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv kimi seçilən ilk ölkə olduğunu bildirib: "Dünya bir çox problemlə üzləşir, böyük məsələlərin həlli hələ qabaqdadır və sizin ölkənizin dünyada sülh və təhlükəsizliyə töhfə vermək istiqamətində səy və bacarıqlarını bir daha nümayiş etdirmək üçün imkanı var. TŞ-yə üzvlük dövründə Azərbaycan Suriyadakı münaqişə və kütləvi qırğın silahları kimi əhəmiyyətli müzakirələrdə öz fikrini bildirir. Düşünürəm ki, bu, çox gözəl imkan oldu və Azərbaycanın dünyada vacib dövlət kimi tanınmasına gətirib çıxardı".
BMT-nin Dağlıq Qarabağ münaqişənin həllinə necə yardım edə biləcəyi məsələsinə toxunan səfir Antonius Bruk bu məsələ ilə bağlı nəsə demək üçün mandatının olmadığını bildirib: "Lakin ümid edirəm ki, ölkələr sülh yolunun tapılması naminə bir araya gələcək. Münaqişənin həlli yolunun tapılması üçün ATƏT-in Minsk Qrupu yaradılıb. Bu günə kimi bu, bizim ümid etdiyimiz nəticəyə gətirib çıxarmayıb. Məsələnin həlli yalnız dialoqdur və biz yenidən müharibənin olmasını istəmirik".
BMT-nin Azərbaycandakı rezident-koordinatorunun sözlərinə görə, BMT münaqişədən əziyyət çəkən insanlara humanitar məsələlərdə hər zaman köməklik edib və razılaşma əldə olunan kimi münaqişə tərəfləri ilə humanitar yardıma dair proqramların icra edilməsinə dərhal başlayacaq.
Nyu-Yorkda davam etən BMT Baş Assambleyasının 68-ci sessiyası ilə bağlı danışan səfir müzakirəsi vacib olan xeyli məsələ olduğunu deyib: "Gördüyümüz kimi, gənc nəsil haqlı olaraq dünyada öz parlaq gələcəyini tələb edir. Dövlətlər və ölkə başçıları bu məsələləri həll etməlidir. Minilliyin İnkişaf Məqsədlərinə hədəf ili kimi qoyulan 2015-ci ilə qədər nail olmaq lazımdır. Hadisələr göstərir ki, münaqişələrin kökündə gənc nəslin narazılığı dayanır".
O, BMT-də də iqtisadi böhran yaşandığını deyərək resursların səfərbər edilməsi ilə bağlı müzakirələr keçiriləcəyini bildirib. Antonius Brukun sözlərinə görə, Azərbaycan fəallıqla bu müzakirələrə qatılıb.