Stefan Şennak: "Müharibənin gələcəyi yoxdur"

 

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennakın APA TV-yə müsahibəsi

 

- Cənab Şennak, siz Azərbaycan üzrə həmməruzəçi qismində bu ayın əvvəlində Bakıya səfər etmişdiniz. Hazırda Azərbaycanda insan hüquqları və demokratiya sahəsində vəziyyəti necə qiymətləndirirsiz?

 

- Fikrimcə, bu mənim Azərbaycan üzrə həmməruzəçi olduğum müddətdə ən rahat səfərim oldu. Çünki, bir neçə həftə öncə müxtəlif səbəblərə görə həbs olunan məhbusların bəziləri həm məhkəmə qərarı, həm də prezidentin fərmanına uyğun olaraq azadlığa buraxıldı. Bu isə müzakirələrdəki bəzi daşları yerindən tərpətmiş oldu. Lakin Bakıdakı qadın həbsxanasında saxlanılan Xədicə İsmayılova da daxil olmaqla, müzakirə predmetimiz olan bəzi məhbuslar hələ də həbsdədir. Eyni zamanda bu səfərdən sonra Yunus ailəsinin tibbi müayinədən keçmək üçün Hollandiyaya getmələrinə icazə verilməsini də müsbət addım kimi dəyərləndirmək olar. Bir sözlə, çox işlər görülüb. Mən hesab edirəm ki, Avropa Şurası ilə Azərbaycan arasındakı əlaqələr hazırda digər mərhələyə qədəm qoyub və inanıram ki, biz bu prosesi davam etdirə bilərik. Mən həm sizin hökumət təmsilçiləri, həm də prezidentlə görüşmüşəm. Bu görüşlərdə biz hüquq və seçki sistemlərində islahatların aparılması üçün yol xəritəsinin müəyyənləşdirilməli olduğunu müzakirə etdik. Düşünürəm ki, artıq növbəti ildə biz bütün bu məsələlərin həlli üçün münasib yol xəritəsini birlikdə reallaşdıra biləcəyik.

 

- Bu sessiya ərzində Monitorinq Komitəsində digər həmməruzəçi cənab Kondenin yerinə rumınıyalı deputat Sezar Preda seçildi. Bundan sonra hər iki həmməruzəçinin ölkəyə səfəri nə vaxta planlaşdırılır ? Və Azərbaycan üzrə növbəti hesabatınızı nə vaxta hazırlamaq fikrindəsiniz?

 

-  Azərbaycanda bir dairə üzrə növbəti seçkilər iyun ayının 18-də keçiriləcək və biz bu seçkilərdən Azərbaycana növbəti dəfə səfər etmək imkanı kimi yararlanacağıq. Biz həm keçiriləcək seçkiləri müşahidə edəcək, həm də hökumətlə danışıqlarımızı davam etdirəcəyik.

 

- Səfər AŞPA-nın iyun sessiyasından sonra reallaşacaq?

 

- Əvvəl. Çünki seçkilər ayın 18-də keçiriləcək, sessiya isə 19-dan etibarən başlayacaq. Bunun üçün isə məruzəçilər Azərbaycandan Strasburqa qayıtmalıdırlar.

 

- Sizin aprel ayının əvvəlində Azərbaycana səfəriniz Dağlıq Qarabağ bölgəsində gedən ağır döyüşlərə təsadüf etmişdi. Azərbaycandan hansı təəssüratlarla qayıtdınız?

 

- Mənim səfərim gərginliyin hələ davam etdiyi müddətə təsadüf edirdi. Belə bir vəziyyətin yaranmasına görə kifayət qədər narahatlıq və təəssüf hissi keçirirəm. Nəticədə xeyli insan öz həyatını itirib. İlk görüşümüz prezident İlham Əliyevlə oldu. Prezident məni ötən gecə prezident Vladimir Putinin ona telefonla zəng etməsi haqqında məlumatlandırdı. Mənimlə eyni gündə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, bir sonrakı gün isə baş nazir Dmitri Medvedev Bakıya gəldi. Mənimlə eyni gündə həmçinin İranın xarici işlər naziri Bakıya gəldi. O, mənimlə eyni mehmanxanaya yerləşmişdi. Bizim təhlükəsizliyimiz çox yüksək səviyyədə təmin edilirdi. Sonra Minsk Qrupunun həmsədrləri regiona səfər etdi. Bütün bunlar eyni anda baş verirdi. Mən hesab edirəm ki, hazırda bölgədə atəşkəsin mövcud olması çox müsbət addımdır. Fikrimcə, biz Azərbaycanla Ermənistan arasındakı münaqişənin sülh yolu ilə həllinin axtarılıb tapılması, Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərin azad edilməsi istiqamətindəki fəaliyyətimizi davam etdirməliyik. Onu da deyim ki, azərbaycanlı gənc oğlan və qızların Bakı küçələrində atəşkəs əleyhinə və müharibə tələbi ilə etiraz aksiyaları keçirmələrindən çox təəccübləndim. Müharibənin gələcəyi, bu məsələnin isə müharibə yolu ilə həlli yoxdur.

 

- Siz eyni zamanda AŞPA-da Monitorinq Komitəsi çərçivəsində fəaliyyət göstərən Avropa Şurasına üzv dövlətlər arasında münaqişələr üzrə xüsusi Alt Komitənin sədrisiniz və elə bu səhər Assambleyanın yanvar sessiyasında yaradılmış bu Alt Komitənin ilk iclası keçirildi. Müzakirələr Dağlıq Qarabağ və bölgədəki son gərginliklər ətrafında aparıldı. Bu müzakirələrin əsas məqsədi nədən ibarətdir və hansı formatda davam etdiriləcək?

 

-  Biz bu gün səhər də görüşmüşük. Həmçinin, ilk dəfə olaraq bu görüşə hər iki ölkə üzrə həmməruzəçiləri də dəvət etmişdik. Mən bu görüşə Ermənistan, Gürcüstan, Ukrayna, Moldova üzrə məruzəçi olan şəxsləri də dəvət etmişdim. Özüm də Azərbaycan üzrə məruzəçi olaraq təbii ki, iştirak edirdim. Görüşdə Türkiyə və Kipr də daxil olmaqla, münaqişə ölkələrinin hərəsindən iki nümayəndə iştirak edirdi. Biz bu münaqişələrin həll perspektivləri haqqında danışdıq. Əlbəttə ki, biz görüş zamanı Cenevrə Qrupu, Minsk Qrupu kimi beynəlxalq vasitəçilərin fəaliyyətinə toxunmadıq. Biz sadəcə, bu münaqişələrin həlli üçün Avropa Şurasının nə edə biləcəyini müzakirə etdik. Görüş zamanı mən tərəflərə bir nümunə də göstərdim. Bu komitənin iclasında cənab Buşkoff çıxış etmişdi. Mənim fikrimcə, bu, artıq dialoqun başlanğıcıdır. Ukrayna ölkənin daxilində baş verənlərə görə məsuliyyət daşımır. Rusiya da eynilə Ukrayna daxilindəki hadisələrə görə məsul deyil. Bu, dialoq yolunda atılan ilk addımdır. Mən dialoqun hazırda dayandırılmasına görə çox təəssüflənirəm. Mənim missiyam bütün tərəfləri dialoqa çağırmaqdır. Hər iki münaqişəyə dialoq nöqteyi-nəzərindən yanaşılmalıdır. Hazırda hamı bir-biri ilə dialoq qurur. Bir ay ərzində mən aparılan müzakirələrin nəticəsi ilə bağlı fikir söyləyə bilərəm.

 

- Bildiyiniz kimi, AŞPA-da Dağlıq Qarabağ üzrə xüsusi Alt Komitə fəaliyyət göstərirdi, amma erməni tərəfi bu münaqişənin ATƏT-in Minsk Qrupu formatından başqa digər bir təşkilatda müzakirə edilməsinin əleyhinə çıxaraq həmin komitənin işində iştirakdan imtina etmişdi. Necə düşünürsünüz, hazırkı bu Alt Komitədə erməni tərəfi müzakirələrdə iştirak etməkdən boyun qaçırmayacaq ki? Bu dəfə də dialoqun alınmaması ilə üz-üzə qalmayacağıq ki?

 

- ATƏT-in Minsk Qrupu münaqişənin nizamlanması üzrə ixtisaslaşıb. Alt Komitə isə Avropa Şurası daxilində münaqişə tərəfləri ilə iş aparır. Bəzi hallarda mən nifrət dolu çıxış və bəyanatların da şahidi oluram. Hər iki ölkə arasındakı dialoq formatı bizi münaqişənin həll olunmasına bir az da yaxınlaşdırır. Avropa Şurası üzvlərin çıxışlarına tamaşa etmək üçün göstərilən bir kinoteatr deyil. Bizim istəyimiz odur ki, gəlin birlikdə işləyək. 

 

Müəllif | Apa.Tv
Apa.tv