Ermənilər Qarqar çayı vasitəsilə minaları cəbhəyanı kəndlərimizə axıdır - HADİSƏ YERİNDƏN

Ağdamın Əfətli kəndindi ərazisində aşkarlanan piyada əleyhinə minalar zərərsizləşdirilib. APA TV-nin məlumatına görə, hadisə yerinə yerli sakinlərin məlumatı əsasında  gələn ANAMA-nın əməkdaşları  otlaq sahələrindən ilkin olaraq  5 ədəd piyada əleyhinə mina aşkarlayıb. ANAMA-nın region üzrə əməkdaşı Xaliq Zülfüqarov minaların sovet istehsalı olduğunu bildirib.

 

"PM minasına oxşar minalardı, piyada üçün nəzərdə tutulub, partlayış dalğalı minalardı və ən zəif təzyiqdən partlayırlar. Yəni onun üzərinə ən kiçik təzyiq edən zaman partlayır, amma dalğası çox uzaq məsafəyə getmir".

 

Son günlər dağlarda yağışlı hava şəraiti Qarqar çayında suyun səviyyəsinin artmasına səbəb olub. Cəbhəyanı kənd sakinləri Qarqar çayında ayrılan su ilə əkin sahələrini suvarmağa başlayıb. Bunu müşahidə edən ermənilər axar suya çoxlu sayda piyada əleyhinə mina axıdıb. Hazırda hava yağmurlu olduğundan minaaxtaranların axtarışı müvəqqəti dayandırılıb. Amma bu müddətdə də minaaxtaranlar boş dayanmayacaq.

 

"Adətən yağışlı havalarda işləyə bilmirik. Yağışlı vaxtlarda yerli sakinlərin minaya dair təhlükəsizliyinə dair maarifləndirmə işləri aparırıq. Onun nəticəsidir ki, yerli sakinlər minaları görən kimi tanıyırlar və bizə zəng edib deyirlər. Çayla minanın gəlməsi haqqında Qarqar çayı kəndlərin ətrafı sakinlərinin hamısı məlumatlandırılıb. Sabah birisi gün növbəti günlərdə də onlara təlimatlandırılması üçün məlumatlar veriləcək".

 

ANAMA-nın əməkdaşları yerli sakinləri şübhəli əşyalara və partlamamış hərbi sursatlara rast gəldikdə toxunmağa və bu haqda aidiyyatı qurumlara məlumat verməyi səsləyir. 

 

Müəllif | Apa.Tv
Apa.tv