Yeni attraksionlar, sadə çay, dayandırılan pulsuz aksiyalar - Dənizkənarı Milli Parkdan reportaj

Havalar isindikcə, istirahət üçün Dənizkənarı Milli Parka üz tutan paytaxt sakinlərinin sayı artır. Bəs bulvar yeni yay mövsümünə necə hazırlaşır? Bu suallara yerində cavab tapmaq üçün Dənizkənarı Milli Parka yollanırıq. Həftə içi olmasına baxmayaraq, istirahət edənlərin sayı az deyil.

 

Artıq bulvar ərazisinə yeni güllər əkilib, ətraf mühit insanların istirahəti üçün daha yararlı hala gətirilib. Kafelərin ətrafı səliqəyə salınıb, stol-stullar içəridən bayıra çıxarılıb. Ərazinin daş və ot örtüyü zamanla yenilənib. Bağlanmış ağacların üstü açılıb, yeni çiçək kolları əkilib.

 

Bulvarda xalq arasında “Şeytan çarxı” kimi tanınan kiçik attraksion söküldükdən sonra, onun yerində yeni attraksion quraşdırılıb. Bu attraksionlar paytaxtın kiçik yaşlı sakinləri üçün nəzərdə tutulub.  Balacalar da istirahətlərindən məmnun görünürlər.

 

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov APA TV-yə deyib ki, gələcəkdə yeni attraksionların gətirilməsi davam etdiriləcək. Bu yaxınlarda Kukla Teatrının yaxınlığında götürülən attraksionun yerində artıq 10 günə yaxındır ki, kiçik yaşlı uşaqlar üçün başqa bir yeni karusel quraşdırılır. Nazim Məcidov gələcəkdə istismar müddəti bitən, köhnələn attraksionların yeniləri ilə dəyişdiriləcəyini deyib.

 

"3 növ yeni uşaq əyləncə attraksionları gətirmişik. Onun biri avtomobil, digəri qatar və 4 attraksion isə oxşar karusellərdir. Bu şəhər sakinlərinin sevincinə səbəb olub və 10 gündür fəaliyyətə başlayıb. Qeyd edim ki, qiymətlər də çox ucuzdur. Bir uşağın yeni attraksiondan 3 dəqiqə istifadəsi 1 manatdır".

 

Nazim Məcidovun sözlərinə görə şəhər sakinlərinin, eləcə də paytaxtımıza gələn qonaqların asudə vaxtlarını səmərəli təşkili üçün qısa vaxt ərzində burada ən müasir infrastruktur yaradılıb. Bulvarda müasir tələblərə cavab verən yeni-yeni müxtəlif xidmət və iaşə obyektləri tikilərək istifadəyə verilib. Bakı bulvarının özünəməxsus gözəlliyi ilə turistlərin diqqətini cəlb etdiyini qeyd edən  idarə rəsmisi bildirib ki, ərazidə uşaqların və yeniyetmələrin əyləncəsini təşkil etmək üçün də yeni layihələrin icrası davam edir. Qiymətlərə gəlincə ...

 

"Ötən illə müqayisədə onu deyə bilərəm ki, qiymətlərdə dəyişiklik yoxdur. Şəhər sakinləri arasında burada dincəlmək istəyənlərin sayı çox olduğunu və onların böyük əksəriyyətinin sadə çay içməyə üstünlük verdiyini nəzərə alıb Dənizkənarı Bulvar İdarəsinin tabeçiliyində olan bir neçə iaşə obyektinə tapşırıq verilib ki, insanlara rahat şərait yaradılsın. Yəni şəhər sakinləri bilsinlər ki, onlar sadə çay içmək arzusunda olsalar, onlar idarənin tabeçiliyində olan 2 obyektdən istifadə edə bilərlər". 

 

Dənizkənarı Bulvar İdarəsi tərəfindən həyata keçirilən pulsuz aksiyalara gəlincə, idarə rəisinin müavini aksiyaların dayandırıldığını deyib:

 

"Ölkəmizdə “Formula 1” yarışları keçiriləcək. Bununla əlaqədar bulvarda, eləcə də şəhərin mərkəzində bir çox hazırlıq işləri həyata keçiriləcək. Bütün bunları nəzərə alaraq, pulsuz aksiyalar yalnız avqust-sentyabr aylarında keçirilə bilər”.

 

Qeyd edək ki, hazırda bulvarın uzunluğu 16 kilometrdir. Bulvar ərazisinin genişləndirilməsi prosesi davam edəcək. 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı