Bakıda "Böyük Vətən Müharibəsi üzrə Ümumrusiya test müsabiqəsi" tədbiri keçirilib
Rusiyanın Azərbaycandakı Mədəniyyət Mərkəzində Dövlət Dumasının Gənclər Parlamentinin keçirdiyi "Böyük Vətən Müharibəsi üzrə Ümumrusiya test müsabiqəsi" çərçivəsində maarifləndirici tədbir keçirilib.
APA TV-nin məlumatına görə, tədbirdə çıxış edən "Rossotrudniçestvo"nun Azərbaycan nümayəndəliyinin rəhbəri Valentin Denisov müsabiqənin mahiyyəti barəsində məlumat verib.
O deyib ki, bu gün keçmiş SSRİ vətəndaşlarının ayrı-ayrı ölkələrdə yaşamalarına baxmayaraq, Böyük Vətən müharibəsi onların hər birinin ailəsində öz təsirini hiss etdirib.
Millət vəkili Əli Hüseynli nitqində postsovet ölkələrinin müstəqillik əldə etməsinin II Dünya müharibəsinin tarixinə heç bir xələl gətirmədiyini bildirib.
Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov isə keçirilən tədbirin ümumi tariximizin öyrənilməsində mühüm vasitə olacağına diqqət çəkib.
Sonda ölkəmizin ayrı-ayrı təhsil ocaqlarının şagird və tələbələrinin "Böyük Vətən Müharibəsi" üzrə bilikləri sınağa çəkilib.
İştirakçılar 1941-1945-ci illərdəki faşizm üzərində mübarizənin müxtəlif mərhələləri üzrə suallara cavab veriblər.