İmişlidə ağır qəza: 2 ölü, 12 yaralı
İmişli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, baş verən avtoqəzada 2 nəfər ölüb, 12 sərnişin xəsarət alıb.
Qəza axşam saatlarında Hacıqabul-Horadiz magistralının 83-cü kilometrliyində, İmişli rayonunun Xəlfəli kəndi ərazisində qeydə alınıb.
İmişli Rayon Polis Şöbəsinin əməkdaşı, polis çavuşu, Nurulu kənd sakini 44 Musayev Rabil Hizbullah oğlunun idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə Beyləqan rayon sakini, 49 yaşlı Vəliyev Məhəmməd Bəylər oğlunun idarə etdiyi “Ford Tranzit” markalı mikroavtobus toqquşub. Qəza nəticəsində hər iki nəqliyyat vasitəsini idarə edən sürücü hadisə yerində ölüb.
Mikroavtobusda olan 12 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli rayon xəstəxanasına yerləşdirilib. Həkim-travmatoloq Əliş Vəliyevin sözlərinə görə, onlardan orta ağır vəziyyətdə olan sərnişinlər - 55 yaşlı Paşayeva Sveta İlham qızı, 20 yaşlı Qədimova Sümayıl Vəli qızı, 35 yaşlı Abbasova Rəna Məhərrəm qızı, 30 yaşlı Xəmmədova Könül Məhərrəm qızı və 26 yaşlı Hüseynov Əli Nurəddin oğlu müalicələrini davam etdirmək üçün reanimasiya və travmatologiya şöbələrinə yerləşdirilib, digər xəsarət alanlar ambulator yardım aldıqdan sonra evə buraxılıblar: "Xəstəxanamıza avtoqəza nəticəsinə 10 xəstə gətirilib. Həmin xəstələrdən beşinə ilkin yardım olunub. Onlar ambulator müalicə üçün evə buraxılıb. Digər beş xəstənin vəziyyəti nisbətən ağır olduğundan ilkin tibbi yardım göstərilib və hazırda müalicələri xəstəxanada davam edir".
Qəzaya səbəb “Mercedes” markalı minik avtomobilinin “Ford"un qarşısına çıxması olub. Faktla bağlı BDYPİ və İmişli rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.