Leyla Əliyeva: “Gələcəyi daha parlaq, daha yaşıl, daha təkmil qurmağa nail olacağıq”
Bu gün Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində Gənclər Forumu öz işinə başlayıb.
APA TV-nin məlumatına görə, "İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd" devizi altında keçirilən 7-ci Qlobal Forumda BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla ümumilikdə 2000-ə yaxın qonağın iştirak edir.
Forum çərçivəsində təşkil olunan gənclər tədbirində çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva deyib ki, Azərbaycan Şərqlə Qərbin qovuşmasında, İpək Yolu üzərində yerləşən, zəngin tarixi ənənələrə malik vacib ölkələrdən biridir: “Biz Azərbaycanı sevirik. Əminik ki, siz də bunlara görə Azərbaycanı sevəcəksiniz. Dünyada hər saniyə aclıqdan 1 nəfər ölür. Uşaqlar daha tez-tez həyatını itirir. FAO dünyada aclığın aradan qalxmasına çalışır. Biz birlikdə çalışmalıyıq ki, aclıqdan heç kəs ölməsin. Qida çox vacibdir, həm də mədəniyyətlərarası əlaqənin bir komponentidir. Qida təhlükəsizliyi çox vacibdir. Artıq fəaliyyət göstərməyin vaxtı gəlib çatıb. Gələcəyi daha parlaq, daha yaşıl, daha təkmil qurmağa nail olacağıq”.
Azərbaycanda gənclər siyasəti sahəsində ciddi addımlar atıldığına diqqət çəkən Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, bu sahədə Azərbaycanda bir sıra layihələr həyata keçirilib, Gənclər Fondu yaradılıb. O, müasir dövrdə gənclərin üzləşdiyi problemlərdən danışıb: "Gənclərin üzləşdiyi problemlər, ekstremizm, terrorizm sülh çağırışlarına ziddir. Gənc insanların ölüm xəbərlərini eşidirik. Bu, çox ağrılıdır. Bütün dünyada qadınlara qarşı zorakılıqla mübarizə aparılmalıdır. Azərbaycan da ərazi baxımdan zorakılığa məruz qalıb. Tarixi torpaqları işğal altındadır. Lakin biz tolerantlıq dəyərlərini qoruyuruq və irəli aparırıq. Qapımızı dünyaya açarıq. Dünyanın daha yaxşı olmasını istəyirik. Ümid edirik ki, bizim üzləşdiyimiz çətinliklərlə gələcək dünya üzləşməyəcək".
BMT-nin sivilizasiyalararası alyans üzrə ali nümayəndəsi Nasir Əbdüləziz ən-Nasir bildirib ki, hər kəsin birlikdə yaşadığı cəmiyyət üçün, qruplaşmalara qarşı bir dünya üçün çalışmaq lazımdır: "İcma olaraq əmin olmalıyıq ki, dünyanı dəyişmək üçün gənclərə səlahiyyət verə bilirik. Gənclər tərəfindən öhdəlik nümayiş etdirilməsə, davamlı inkişaf mümkün deyil. Yeganə təcrübə mənbəyi bilikdir. Gənclər hər zaman irəliyə addım atmalıdır”.
Forumda ümumilikdə üç gün müddətində yüksək səviyyəli rəsmilərin toplantısının, 30-a yaxın sessiyanın keçirilməsi planlaşdırılır.