BMT nümayəndəsi: "Azərbaycanda gənclərin bir qismi təəssüf ki..."

"Azərbaycan gənc müstəqil dövlətlər içərisində gənclər siyasətini uğurla həyata keçirən ölkələr arasında liderdir. Gənclərlə bağlı olan beynəlxalq əhəmiyyətli tədbirlərə yer verilməsi isə dövlətin gənclər qarşısında nə qədər məsuliyyət daşıdığını bir daha sübut edir. Bu mənim Bakıda qatıldığım sayca üçüncü əhəmiyyətli tədbirlərdən birdir. Əminəm ki, bu kimi görüşlər dünya gənclərinə birlik və həmrəylik çağırışıdır".

 

Bu sözləri APA TV-yə müsahibəsində BMT baş katibinin gənclər üzrə xüsusi elçisi Əhməd Əlhəndavi deyib.

 

Azərbaycanın gənc, sürətlə inkişaf edən ölkə olduğunu deyən Əhməd Əlhəndavi bildirib ki, bu inkişafda gənclərin müstəsna rolu var: "Bu, mənim Azərbaycana üçüncü səfərimdir. Yüksək səviyyədə təşkil olunan tədbir üçün Azərbaycan hökumətinə dərin təşəkkürümü bildirirəm. Bu gün Azərbaycan gənclərinin bir qismi də təəssüflər olsun ki, qaçqın və məcburi köçkün taleyini yaşayır. Düşünürəm ki, dünyada yaranan münaqişə ocaqlarına xeyli sayda gəncin qoşulması sülh çağırışlarına zidd olmaqla yanaşı, sabitliyə də ciddi təhdiddir. Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda dialoq, mədəniyyətlərarası əlaqələr sülh yolu ilə münaqişələrin həll edilməsinə dair ediləcək müraciətlər də bir daha sübut edir ki, sülhpərvər dünya və aydın səma hər bir kəsin ən vacib arzusudur".

 

BMT nümayəndəsi dünyada gənclərin terror qruplaşmalarına qoşulmalarına da münasibət bildirib: “Gənclərə sərmayə qoyulmalıdır ki, onlar öz enerjilərini başqa istiqamətlərə yönəldə bilsinlər. Gənclərin düzgün istiqamətləndirilməməsi onların gələcəkdə silahlı qruplaşmalara qoşulmasına səbəb olur. İstərdik ki, bütün ölkələrdə bu məsələyə xüsusi diqqət yetirilsin və gənclər düzgün istiqamətləndirilsin”.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı