Oljas Süleymenov AMEA Ədəbiyyat İnstitutunun fəxri doktoru oldu

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda ölkəmizdə səfərdə olan görkəmli qazax şairi və yazıçısı Oljas Süleymenovun 80 illik yubileyi münasibətilə yubilyarla görüş keçirilib.

 

APA TV-nin xəbərinə görə, akademiyanın vitse-prezidenti İsa Həbibbəyli çıxışında yubilyarı təbrik edərək, ona can sağlığı və yaradıcılığında uğurlar arzulayıb.

 

Natiq O.Süleymenovu türk dünyasının böyük oğlu adlandıraraq, onun türkdilli xalqlar qarşısındakı xidmətlərindən bəhs edib. İsa Həbibbəyli deyib ki, Oljas Süleymenov təkcə qazax xalqının deyil, bütövlükdə türk dünyasının böyük oğludur. Akademik AMEA Elmi Şurasının qərarı ilə xalqlar arasındakı dostluğun möhkəmləndirilməsində əvəzsiz xidmətlərinə görə O.Süleymenovun Nizami adına Ədəbiyyat İnstitutunun fəxri doktoru adına layiq görüldüyünü qeyd edib. Ardınca "Fəxri Doktor" diplomu yubilyara təqdim olunub.

 

AMEA-nın Ədəbiyyat İnstitutunun elmi işçisi Aida Feyzullayeva Oljas Süleymanovun yaradıcılığı ilə bağlı məruzə oxuyub.

 

Tədbir digər çıxışlarla davam etdirilib.

Müəllif | Apa.Tv
Fərid Rəsulov