İqtisadiyyat naziri iflas ərəfəsində olan supermarketlərin sahibləri ilə görüşdü
İqtisadiyyat Nazirliyinə müraciət edən market şəbəkələrinin xahişinə Vergilər Nazirliyi ilə birgə baxılır. APA TV-nin xəbərinə görə, bu barədə jurnalistlərə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
"Bilirsiniz ki, İqtisadiyyat Nazirliyində market şəbəkələrinin nümayəndələri ilə görüş keçirilib və onların xahişi nəzərə alınıb. İqtisadiyyat Nazirliyi Vergilər Nazirliyi ilə birgə bu məsələyə baxır. Konkret kənd təsərrüfatı məhsullarının satışı zamanı mərhələlərlə vergiyə cəlb olunması ilə bağlı bəzi problemlər onlar tərəfindən qaldırılıb. Hal-hazırda onlara baxılır" - deyə nazir qeyd edib.
Xatırladaq ki, ötən həftə bir qrup iri market şəbəkələrinin rəhbərləri iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət edib. Sahibkarlar müraciətində bildirib ki, müflis olma təhlükəsi qarşısındadırlar. Müraciəti "Rahat", "Bizim", “Fresko”, "Səbət", "Makromart", "Araz", "Neptun", "Bolmart", "Favorit" kimi iri marketlər şəbəkələrinin rəhbərləri imzalayıb.
Qeyd edək ki, bu gün Bakıda "Sahibkarlar günü"nə həsr olunmuş konfrans keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların, xarici ölkələrin Azərbaycandakı ticarət palatalarının nümayəndələri, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 300-dən çox sahibkar iştirak edib.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edərək, "Sahibkarlar günü"nün təsis edilməsi münasibətilə sahibkarları təbrik edib.
İqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, sahibkarların şikayətlərinə daha həssas yanaşılması məqsədilə Apellyasiya Şuralarının yaradılması, dövlət satınalmalarında şəffaflığın artırılması və ədalətli seçimin təmin olunması, investisiyanın təşviqi və s. özəl sektorun inkişafında xüsusilə əhəmiyyətlidir.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev isə bildirib ki, sahibkarlığın inkişafı, dövlət tərəfindən sahibkarlara dəstək müəyyən qədər ölkədə aparılan gömrük siyasətindən asılıdır və bu dəstək davam edəcək.
Tədbirin sonunda ölkə sahibkarları adından Azərbaycan prezidentinə müraciət qəbul edilib.