Ceyms Uorlik: "Bütün meyitlər repatriasiya olunub"
"Həmsədrlərin regiona səfəri aprelin 5-dən tətbiq edilən atəşkəsi gücləndirdi". Bunu APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
O bildirib ki, həmsədrlər həmçinin tərəfləri hərtərəfli sülh sazişi üçün dərhal danışıqlara daxil olmağa çağırıb: "Biz danışıqların başlanmasına aktiv şəkildə hazırlaşırıq. Lakin hazır olmaqla bağlı qərar prezidentlərdən asılıdır. Biz güclü şəkildə inanırıq ki, mümkün qədər tez bir zamanda danışıqlar masasına oturmaq tərəflərin marağındadır".
C.Uorlik təmas xəttində meyitlərin mübadiləsi məsələsində həmsədrlərin rolu məsələsinə də toxunub: "Regiona səfərimiz zamanı biz BQXK nümayəndələri ilə meyitlərin mübadiləsi işində kömək etmək üçün görüşdük. Biz BQXK və ATƏT Monitorinq Missiyasını bu humanitar nailiyyəti bacardıqları, tərəfləri də buna razılıq verdikləri üçün alqışlayırıq. Bizə məlum olduğuna görə bütün meyitlər artıq repatriasiya olunub".