Azərbaycan prezidenti BƏƏ-nin tolerantlıq üzrə dövlət nazirini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) tolerantlıq üzrə dövlət naziri xanım Şeyxə Lubna al-Qassimini qəbul edib.

 

APA TV-nin xəbərinə görə, ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin olduğunu vurğulayan prezident İlham Əliyev bildirib ki, əvvəllər daha çox azərbaycanlı turistlər Birləşmiş Ərəb Əmirliklərinə səfər edirdilərsə, son dövrlər Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gələn turistlərin sayı da artmaqdadır.

 

Xanım Şeyxə Lubna al-Qassimi Azərbaycanda böyük infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində sürətli inkişafa nail olunduğunu, Bakının gözəl və müasir bir şəhərə çevrildiyini məmnunluqla qeyd edib. Azərbaycana bu dəfə tolerantlıq üzrə dövlət naziri vəzifəsində səfər etdiyini deyən qonaq Birləşmiş Ərəb Əmirliklərinin çoxmillətli ölkə olduğunu, burada yaşayan müxtəlif icmaların ölkənin inkişafı və iqtisadi uğurların əldə olunmasındakı rolunu vurğulayıb.

 

Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığının önəmi qeyd olunub, ikitərəfli əlaqələrin mədəniyyət, ticarət, turizm və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif | Apa.Tv
Apa.tv