Prezident İlham Əliyev Belarus Milli Məclisinin sədrini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Belarus Respublikası Milli Məclisinin sədri Mixayil Myasnikoviçi qəbul edib.

 

APA TV-nin xəbərinə görə, dörd il əvvəl Azərbaycana səfər etdiyini vurğulayan Mixayil Myasnikoviç ötən dövr ərzində paytaxtımızda çox böyük dəyişikliklərin baş verdiyinin şahidi olduğunu bildirib. O, prezident İlham Əliyevi Azərbaycanın əldə etdiyi uğurlar, müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə qazandığı böyük nailiyyətlər münasibətilə təbrik edib. Mixayil Myasnikoviç Azərbaycanın müxtəlif beynəlxalq miqyaslı mötəbər tədbirlərə, o cümlədən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etməsinin önəmini vurğulayıb.

 

Son vaxtlar dünyada və Avropada Belarusun roluna və uğurlu inkişafına böyük önəm verildiyini deyən prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda Belarusun bu cür yüksək səviyyədə təmsil olunmasının əhəmiyyətini vurğulayıb, bunu həm Belarusun Foruma verdiyi önəmin, həm də Azərbaycana göstərdiyi hörmətin göstəricisi kimi dəyərləndirib.

 

Görüşdə dost və tərəfdaş ölkə olan Belarusla ikitərəfli əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, parlamentlərarası əməkdaşlığımızın münasibətlərimizin inkişafına töhfə verdiyi qeyd edilib.

Müəllif | Apa.Tv
Apa.tv