Nazir: “Münaqişələrin qarşısını almaq üçün gənclərin fəallığı artırılmalıdır”

“Azərbaycanda gənclərin təşəbbüslərinin və fəaliyyətlərinin təmin olunması üçün geniş imkanlar yaradılır”. APA TV-nin məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev gənclər tədbirində deyib.

 

O bildirib  ki, dünyanın fərqliliyi və müxtəlifliyi əslində planetin daha füsunkar olmasını təmin edir: “Ona görə də biz daha rəngarəng planet üçün səylərimizi əsirgəməməliyik. Azərbaycan tarixən müxtəlif millətlərin, xalqların, dinlərin nümayəndələrinin fikirlərinə hörmətlə yanaşıb”.

 

Azərbaycanda da minlərlə gəncin müharibə nəticəsində valideynlərini itirdiyini vurğulayan nazir dünyada problemlərin və münaqişələrin qarşısını almaq üçün gənclərin fəallığının artırılmasının vacibliyini qeyd edib.

 

BMT Sivilizasiyalararası Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser isə deyib ki, BMT-nin baş katibi Azərbaycan prezidentinə zəng edərək, Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna qatılmaması ilə bağlı məlumat verib. O bildirib ki, baş katib sivilizasiyalarası alyansa dəstək verən əsas şəxslərdən biridir: “3 gün əvvəl onun qərarı barədə eşitdim. Ondan zəng aldım, izah etdi ki, onun iştirakını tələb edən bir sıra məsələlər var. BMT baş katibi bir daha vurğulayıb ki, alyansın Bakıdakı tədbirinə yüksək dəstək verir. Bu forum BMT üçün vacib tədbirdir”.

 

Naser qeyd edib ki, Forum iştirakçıları arasında 146 ölkənin vətəndaşı var. O bildirib ki, forum çərçivəsində 30-dan çox tədbir keçiriləcək: “Geniş mədəni proqram nəzərdə tutulub. Sabah alyansın innovasiya üzrə xüsusi mükafatı veriləcək. Prezident İlham Əliyev açılış nitqi ilə qonaqları salamlayacaq. Alyansın ali nümayəndəsi, İspaniya ilə Türkiyənin yüksək rəsmiləri çıxış edəcəklər. Sonuncu gün Bakı Bəyannaməsi qəbul ediləcək”.

 

Nasir Əbdüləziz əl-Naser qeyd edib ki, BMT Sivilizasiyalararası Alyansın missiyası dialoqu, dözümlülüyü təşviq etməkdir: “Biz BMT agentlikləri ilə əməkdaşlıq edirik. BMT-nin bütün strukturları ilə işləyərək problemlərin qarşısını almalıyıq, onları tək həll etməli deyilik.”

Müəllif | Apa.Tv