İrəvanda avtobus partladıldı: ölənlər və yaralananlar var

Aprelin 25-i axşam saatlarında Ermənistanın paytaxtı İrəvanda sərnişin avtobusunda partlayış baş verib. APA TV xəbər verir ki, məlumatı Ermənistan FHN-in mətbuat xidməti məlumat yayıb. 

 

Hadisə yerinə Milli Böhran İdarəetmə Mərkəzinin əməliyyat qrupu, xüsusi təyinatlı xilasetmə və iki hərbi dəstə cəlb olunub.

 

İlkin məlumata görə, partlayış nəticəsində iki nəfər ölüb, azı altı nəfər yaralanıb.

 

Partlayışın səbəbləri ilə bağlı əsas versiya terror aktıdır. İrəvanın polis rəisi Vladimir Qasparyan bildirib ki, avtobusa partlayıcı qurğu yerləşdirildiyi istisna edilmir. Partlayıcı oturacaqlardan birinin altına yerləşdirilibmiş.

 

İrəvanın polis rəisi onu da deyib ki, avtobus dizel yanacağı ilə işləyib. Ona görə də qaz partlayışı ehtimalı istisna edilir.

 

Avtobusun sürücüsü heç bir xəsarət almayıb. O, istintaqa cəlb edilib.

 

Partlayışdan sonra Ermənistan prezidenti Serj Sarkisyan polisə İrəvanda post-patrul xidmətinin gücləndirilməsi tapşırığını verib.

Müəllif | Apa.Tv