Qaraməryəm-İsmayıllı avtomobil yolu əsaslı şəkildə təmir olunur

1969-cu ildə salınan və istismar müddəti bitdiyi üçün uzun müddətdir yararsız vəziyyətdə olan Qaraməryəm-İsmayıllı avtomobil yolunun əsaslı şəkildə təmirinə başlanılıb.

 

APA TV-nin xəbərinə görə, iki hərəkət zolağından ibarət olan avtomobil yolunun uzunluğu 30 kilometr, mövcud eni isə 6 metrdir. Təmir-tikinti işləri çərçivəsində yolun hərəkət hissəsinin eni 7 metrə qədər genişləndirilir. Hər iki istiqamət üzrə mövcud çiyinlər bərkidilir, zəruri olan yerlərdə 2 metr enində yeni çiyinlər yaradılır. Bunun üçün dağlıq hissələrdə yol kənarında olan yamaclar qazılaraq çıxarılır.

 

Aparılan kompleks tədbirlər zamanı avtomobil yolunun altından suların ötürülməsi üçün nəzərdə tutulmuş və dağılmış suötürücü borular yeniləri ilə əvəzlənir, köhnələri bərpa edilir, giriş-çıxış hissələri də təmizlənir.

 

Təmir-bərpa işləri çərçivəsində Qaraməryəm-İsmayıllı avtomobil yolunun 3-cü kç-liyində normadan artıq yüklənmiş ağırtonnajlı yük maşınlarının hərəkəti nəticəsində dağılaraq qəzalı vəziyyətə düşən körpünün də inşasına başlanılıb. 1 aşırımlı körpünün uzunluğu 24 metr, eni isə 10 metr olacaq. Körpüdə piyadaların rahat və təhlükəsiz şəkildə hərəkəti üçün səkilər də nəzərdə tutulub.

 

“Azəravtoyol” ASC rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılan işlər çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.

 

Qeyd edək ki, yolun əsaslı şəkildə təmir olunması ilə İsmayıllı və Göyçay rayonlarının 30-a yaxın yaşayış məntəqəsinin əhalisinin gediş-gəlişi xeyli rahatlaşacaq, Bakı-Şamaxı-Yevlax və Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yollarına maneəsiz şəkildə çıxış əldə olunacaq.

Müəllif | Apa.Tv
Apa.tv