Ermənistan müdafiə nazirinin müavini, rabitə qoşunlarının və kəşfiyyat idarəsinin rəisləri işdən çıxarıldı
Ermənistan prezident cəbhədə uğradıqları məğlubiyyətlə əlaqədar ordu rəhbərliyində önəmli vəzifələr tutan üç generalı işdən çıxarıb. APA TV-nin məlumatına erməni mənbələrinə istinadən verdiyi məlumata görə, Ermənistan müdafiə nazirinin müavini Alik Mirzabekyan vəzifəsindən azad edilib. Alik Mirzabekyan müdafiə naziri Seyran Ohanyanın müavini olmaqla yanaşı, nazirliyin material-texniki departamentinin rəisi idi.
Ermənistan prezidentinin digər sərəncamı ilə rabitə qoşunlarının rəisi, general-mayor Komitas Muradyan da vəzifədən azad edilib. Bundan başqa Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat idarəsinin rəisi general-mayor Arşak Karapetyan da istefaya göndərilib.
Qeyd edək ki, bu gecə erməni silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini cəbhə boyu atəşə tutublar. Düşmənin hərbi obyektlərinə adekvat cavab zərbələri endirdikdən sonra ermənilər geri çəkilib.